SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Zəngəzur dəhlizi ilə bağlı yeni ABŞ və Ermənistandan YENİ BƏYANAT

Zəngəzur dəhlizi ilə bağlı yeni ABŞ və Ermənistandan YENİ BƏYANAT

  • 14 yanvar 2026, 13:31

TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu Layihəsinin) adlandırılacaq Zəngəzur dəhlizi ilə bağlı ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan birgə bəyanat veriblər.

Yurd.Media xəbər verir ki, bəyanatla Ermənistan layihəsi çərçivəsində Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür.

Rubio və Mirzoyan arasında əldə edilmiş razılaşmalara əsasən, rəsmi İrəvan TRIPP layihəsi çərçivəsində bir sıra öhdəlikləri yerinə yetirməlidir. Xüsusilə Ermənistan TRIPP Development Company ilə hərtərəfli əməkdaşlığı və dəstəyi təmin etməyi, dövlət qurumları arasında səmərəli koordinasiyanı təşkil etməyi, icazələrin vaxtında alınmasına və tənzimləmə prosedurlarının təşkilinə kömək etməyi, ABŞ-dəki tərəfdaşlarla açıq təmasda olmağı, həmçinin layihənin tam potensialının reallaşdırılması üçün regionda vəziyyətin normallaşdırılması istiqamətində işləməyi öhdəsinə götürür.

TRIPP Development şirkəti TRIPP infrastrukturunun inkişafı və tətbiqi üçün məsuliyyət daşıyacaq. Şirkət ABŞ tərəfindən idarə olunacaq. Yol xəritəsində Ermənistanın ABŞ-a şirkətdə 74 faiz, Ermənistana isə 26 faiz pay təklif etmək niyyətində olduğu göstərilir: "Bu müqavilənin daha 50 il uzadılması və Ermənistan hökumətinə əlavə səhmdar hüquqlarının verilməsi gözlənilir. Müqavilə onun səhmlərini 49 faizə çatdıracaq".

Dövlət Departamentində qeyd ediblər ki, "Tramp marşrutu"nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsidir.

Sənəddə vurğulanır ki, TRIPP dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verərək Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsini təmin etmək üçün nəzərdə tutulub.

"TRIPP-in Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisi vasitəsilə birləşdirməklə və Transxəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqələr yaratmaqla həm beynəlxalq, həm də Ermənistan Respublikasının daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir", - bəyanatda deyilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları