Yeni təhsil ilinin başlaması ilə Bakıda bir sıra rayonlarda kirayə mənzillərin qiyməti qalxır.
Yurd.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc "İqtisadiyyat.az"a deyib ki, avqustun sonlarından başlayaraq mənzil bazarında canlanma ehtimalı böyükdür.
Onun sözlərinə görə, eyni zamanda 50 mindən çox abituriyentin tələbə adını qazandıqdan sonra Bakı şəhərində təhsillərini başlamaq üçün kirayə seqmentinə müraciət etməsi satış qiymətlərinə təsir göstərəcək.
Mütəxəssis bildirib ki, adətən avqustun sonu sentyabrın əvvəl daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatları daha çox olur: “Bu mövsümdə, yəni avqustun sonu və sentyabrın əvvəli daha çox mənzil satışı reallaşdığına görə, təbii ki, qiymətlərin artımı və bazardakı dinamika da yüksələcək”.
V.Oruc vurğulayıb ki, kirayə bazarında ən spesifik və fərqli canlanma Yasamal, Nərimanov, Nəsimi, 20 Yanvar, İnşaatçılar və Elmlər Akademiyası ərazisindədir və bu ərazilərdə qiymətlərin artması məhz tələbələrin müraciəti ilə əlaqələndirilir:
“Digər tərəfdən bilirik ki, daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından alternativsizdir. Bu da qiymətlərin davamlı artımını səciyyələndirir. Düzdür, ötən illərə nisbətən qiymət artımı dinamikası o qədər də yüksək deyil, ama fakt olaraq qiymət artımı dalğavari şəkildə mövcuddur və proses davam edəcək”.
AQC sədri Vüqar Oruc