SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yay faciələri niyə təkrarlanır? SƏBƏBLƏR ARAŞDIRILIB

Yay faciələri niyə təkrarlanır? SƏBƏBLƏR ARAŞDIRILIB

  • 06 iyul 2026, 19:41

Yay istirahətinin ən təhlükəli tərəflərindən biri hər il onlarla ailəni sarsıdan suda boğulma faciələridir. Rəsmi qurumların xəbərdarlıqlarına baxmayaraq, nəzarətsiz və təhlükəli su hövzələrinə üz tutmaq acı nəticələrə yol açır.

Yurd.Media xəbər verir ki, "İqtisadiyyat.az" mövzu ilə bağlı qısa araşdırma aparıb və mütəxəssislər tərəfindən bəzi suallar cavablandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib ki, yay mövsümünün xarakterik təhlükələrindən biri suda boğulma hallarıdır. Onun sözlərinə görə, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

Nazirlik rəsmisi vurğulayıb ki, ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır:

"Nəzarət olunan çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin tibbi yardım imkanları mövcud olur. Qeyri-rəsmi və nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Statistik müşahidələr göstərir ki, suda boğulma hallarının böyük hissəsi məhz nəzarətsiz çimərlik ərazilərində, çimmək üçün nəzərdə tutulmayan kanallarda, göllərdə, çaylarda qeydə alınır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir. Qeyd olunanlarla bağlı vətəndaşlara müraciət edərək bildiririk ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər, hər hansı ərazidə xilasedici yoxdursa bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir".

A.Əlili bildirib ki, çimərliklərdə xoş zaman keçirmək üçün, hava şəraiti və günün saatları nəzərə alınmalıdır: "Küləkli havada və dalğalı dənizdə suya girmək insan həyat və sağlamlığı üçün təhlükəlidir. Qanunvericiliyin tələblərinə əsasən, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda dənizə girmək qadağandır. Bunlardan başqa, qızmar günəş altında fasiləsiz qalmaq və hava qaraldıqdan sonra suya daxil olmaq da təhlükəlidir. Yadda saxlamaq lazımdır ki, 13 yaşınadək uşaqlar yalnız valideynlərinin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdırlar. Spirtli içki qəbul edib, sərxoş halda suya daxil olmaq, suda kobud hərəkətlərə yol vermək, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanları ötüb keçmək, çimərlik ərazisində balıq ovlamaq, xilasedici texnikalarının və digər su nəqliyyatı vasitələrinin hərəkət etdiyi zonalara daxil olmaq qadağandır. Nəzarət olunan çimərliklərdə xilasedicilərin tələblərinə və maarifləndirici lövhələrdə göstərilən qaydalara sözsüz əməl edilməlidir. Çimərliklərdən təhlükəsiz istifadə vaxtı hər gün səhər saat 09:00-dan axşam 20:00-dəkdir”.

Nazirlik rəsmisi söyləyib ki, cari ildə 10 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə il ərzində 16 nəfər sulardan xilas olunub və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb: "Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməlidir ki, hər hansı bir hadisə zamanı dərhal xilasedicilər müdaxilə edib vətəndaşı təxliyyə etsinlər, sahilə çıxartsınlar və ehtiyac yarandığı halda da ona ilkin tibbi yardım göstərsinlər. Düzdür, Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar xəttinə hadisənin baş verdiyi ərazidən asılı olmayaraq suda batma ilə bağlı məlumat daxil olduqda dərhal dalğıc xilasedicilər hadisə yerinə axtarışlara cəlb olunur. Lakin unutmamalıyıq ki, xilasetmə əməliyyatlarında saniyələrin önəmi olduqca vacibdir. Odur ki, bir daha vətəndaşlara müraciət edirik ki, yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etsinlər".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, suda boğulmaların 98 faizi fəaliyyətinə icazə verilməyən çimərliklərdə baş verir.

Onun sözlərinə görə, yay mövsümündə təhlükəsiz istirahət üçün ilk növbədə düzgün çimərlik seçimi vacibdir: "Vətəndaşlar yalnız rəsmi fəaliyyətinə icazə verilmiş çimərliklərdən istifadə etməlidirlər. İcazəsiz və nəzarətsiz ərazilərdə dənizə girmək ciddi risk yaradır. Bu, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində təhlükəsizlik baxımından əsas qaydalardan biridir. Ümumdünya statistikasına görə, hər il təxminən 400 min insan suda boğularaq həyatını itirir. Buraya təkcə dənizlər deyil, eyni zamanda göllər, çaylar, su anbarları, kanallar və digər su hövzələri də daxildir".

E.Nurəliyev bildirib ki, boğulma hadisələrinin böyük əksəriyyəti məhz nəzarətsiz ərazilərdə qeydə alınır: "Statistikaya əsasən, suda boğulma hallarının 98 faizi fəaliyyətinə icazə verilməyən çimərliklərdə baş verir. Rəsmi çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılır, suyun və sahilin təhlükəsizlik vəziyyəti qiymətləndirilir. Yalnız bütün tələblər yerinə yetirildikdən sonra həmin çimərliklərin fəaliyyətinə icazə verilir. Bundan əlavə, belə çimərliklərdə xilasedicilər növbə çəkir və zəruri təhlükəsizlik infrastrukturu mövcud olur. Nəzarətsiz ərazilərdə isə bu imkanların heç biri yoxdur".

Ekspert hava şəraitinin də suda boğulma riskinə birbaşa təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, suda boğulmaların 70 faizdən çoxu əlverişsiz hava şəraiti ilə əlaqədardır. Güclü külək, yüksək dalğa və məhdud görünmə şəraiti zamanı suya girmək təhlükəlidir. Küləyin sürəti saniyədə 10-12 metrə çatdıqda, eləcə də qaranlıq vaxtlarda çimərliyə getmək məsləhət görülmür.

Mütəxəssis həmçinin çimərlikdə davranış qaydalarına da ciddi əməl edilməsinin vacibliyini diqqətə çatdırıb: "Vətəndaşlar təhlükəsizlik məqsədilə müəyyən edilmiş sərhədləri keçməməli, üzmə bacarıqlarını nümayiş etdirmək və ya yarışmaq məqsədilə sahildən uzaqlaşmamalıdırlar. Bəzən insanlar qayaların üzərinə çıxaraq suya tullanır və ya təhlükəli məsafələrə qədər üzürlər. Bu cür davranışlar faciə ilə nəticələnə bilər. Xüsusilə uşaqlar bir an belə nəzarətsiz buraxılmamalıdır. Eyni zamanda spirtli içki qəbul etdikdən sonra suya girmək qətiyyən yolverilməzdir. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə əksər bədbəxt hadisələrin qarşısını almaq mümkündür".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları