34 il əvvəl Fevralın 25-dən 26-na keçən gecə baş verən faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılan Xocalı soyqırımı abidəsinin ətrafında səhər saatlarından başlayaraq insan axını ara vermir.
Abidə övladını itirmiş ananın səssiz fəryadının ağrısını simvolizə edir. Əllərində şəhidlik rəmzinə çevrilmiş qırmızı qərənfil tutan idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin nümayəndələri, Xocalı sakinləri, Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər və məktəblilər soyqırımı qurbanlarının xatirəsini yad etməyə gəlirlər. Onlarla yanaşı ziyarətçilər arasında ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini konfessiyaların təmsilçiləri, xarici ölkələrin vətəndaşları da var.