Ağdam rayonunda vətəndaş “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Alişan Şahmar oğlu Səfərov birliyin yerli nümayəndəsi tərəfindən ona əsassız cərimə yazmaqda ittiham edib.
İddia tələbinə əsasən, Səfərov yaşadığı Ağdam rayonunun Dördyol-1 qəsəbəsində yerləşən 762 saylı evinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğac quraşdırılıb, vaxtlı-vaxtında sayğacda göstərilən işlətdiyi qazın dəyərini ödəyib.
2022-ci ildə cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilib və sayğac yenisi ilə əvəz olunub. Guya sayğaca baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilib. Vətəndaş bu qüsur üçün məsuliyyət daşımadığı üçün aktı imzalamaqdan imtina edib.
Bundan sonra vətəndaş əsassız olaraq adına 173 manat borc hesablandığını və məhkəməyə müraciət edərək texniki səhv olaraq 77 manat borc məbləğinin silinməsini xahiş edib və Ağdam rayon Məhkəməsinin qətnaməsi ilə adına əsassız olaraq yazılmış borcun həmin hissəsi silinib.
Vətəndaş yenidən məhkəməyə müraciət edərək, sayğaca müdaxilə etmədiyi, sayğacın onun evindən kənarda darvazadan çöldə olduğu, sayğaca onun və ailə üzvlərinin müdaxilə etmədiyi qeyd edilib.
Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 96 manat borcun da silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
Məhkəmə iddia tələbini əsaslı hesab edib və borcun silinməsi barədə qətnamə çıxarıb.
Qeyd edək ki, son vaxtlar “Azəriqaz”la bağlı mülki qaydada məhkəmə prosesləri artıb.