Ucarın bəzi küçə və prospektlərində piyadalar üçün çəkilmiş zolaqlar zamanla pozulub.
Yurd.Media xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan zolaqlar hazırda demək olar ki, görünməz vəziyyətdədir. Bu səbəbdən həm piyadalar, həm də sürücülər çətinlik çəkir. Xüsusilə gecə saatlarında və yağışlı havalarda vəziyyət daha da pisləşir. Silinmiş piyada zolaqları səbəbindən sürücülər sürəti azaltmır və nəticədə bədbəxt hadisələrin baş verməsi qaçılmaz olur.
Sürücülər xətlərin olmamasından narazıdırlar. Onların sözlərinə görə, zolaqları görmədikləri üçün bəzən qayda pozuntularına yol verirlər. Bu vəziyyət məktəblilərin də çətinliklərlə üzləşməsinə səbəb olur. Hətta bir neçə dəfə zolaqların görünməməsi nəticəsində qəza halları da qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “ATV Xəbər”ə bildirilib ki, regionlarda, o cümlədən mərkəzi Aran rayonlarında yol nişanlanma xətlərinin yenilənməsi mərhələli şəkildə aparılır.
Artıq Mingəçevir, Yevlax, Göyçay, Zərdab və Kürdəmir rayonlarında işlər görülüb. Plan üzrə növbə Ucara da çatacaq.