Gəncədə fəaliyyət göstərən “Tural Əyləncə” restoranı cərimə edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, restorana Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə-Daşkəsən regional bölməsi tərəfindən protokol yazılıb.
Məlum olub ki, Xan-Samux suvarma kanalının sağ sahilində yerləşən “Tural Əyləncə” restoranının fəaliyyəti zamanı formalaşan tullantı suları təyinatsız olaraq 110 millimetrlik olan plastik boru vasitəsi ilə restoranın xarici divarından çölə, oradan isə həmin ərazidən keçən Xan-Samux suvarma kanalına axıdılır.
Restoranın barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib edilib, Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “Tural Əyləncə” restoranı 900 manat məbləğində cərimə edilib.
Bu qərardan restoranın rəhbərliyi narazı qalıb və apelyasiya şikayəti versə də Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.