İctimai nəqliyyatda baş verən problemlərlə bağlı xəbərlərdə və sosial şəbəkələrdə ən çox tənqid olunan tərəf adətən avtobus sürücüləri olur. Lakin bəzən sərnişinlərin davranışları da sürücülərin işini çətinləşdirir. Gün ərzində saatlarla sükan arxasında olan sürücü eyni vaxtda yola, sərnişinlərin təhlükəsizliyinə və hərəkət qrafikinə nəzarət etməlidir.
Bu barədə Yurd.Media-ya açıqlama verən 65 saylı marşrut avtobusunun sürücüsü Gündüz Həsənov son illərdə sərnişinlərin ictimai nəqliyyat qaydalarına daha məsuliyyətlə yanaşmağa başladığını bildirib.
Onun sözlərinə görə, əvvəllər sərnişinlər avtobusun dayanacaqdan kənarda saxlanılmasını tez-tez tələb etsələr də, hazırda vəziyyət dəyişib:
“Artıq sərnişinlər dayanacaqdan kənarda saxlanılmasını istəmirlər. Hətta bu qaydanı bilməyən vətəndaşlara digər sərnişinlər izah edirlər ki, avtobus yalnız dayanacaqda dayanmalıdır. Düşmək istəyən şəxs isə əvvəlcədən xüsusi düyməni basaraq sürücünü məlumatlandırmalıdır”.

Sürücü qeyd edib ki, hazırda qarşılaşdıqları əsas problemlərdən biri bəzi sərnişinlərin ödəniş zamanı vaxt itirməsidir. Xüsusilə QR kod vasitəsilə həyata keçirilən ödənişlər bəzən avtobusa minmə prosesini ləngidir.
“QR kodla ödəniş zamanı bəzi sərnişinlər daha çox vaxt sərf edir. Bu isə ödəniş növbəsinin yaranmasına səbəb olur və nəticədə avtobusun qrafiki pozulur. Ən rahat və sürətli ödəniş üsulu bank kartını validatora toxundurmaqdır”, – deyə Gündüz bəy bildirib.
Onun sözlərinə görə, bəzi hallarda qeyri-adekvat davranış nümayiş etdirən sərnişinlərlə də qarşılaşırlar. Belə vəziyyətlərdə əvvəlcə sərnişinə qaydalar izah edilir. Problem həll olunmadıqda isə dispetçer məlumatlandırılır və zərurət yaranarsa polis çağırılır.
“Belə hallarda digər sərnişinlər də sürücüyə dəstək olur, baş verənlər barədə polisə məlumat verirlər. Əslində sürücü də, sərnişin də bir-birini anlamalıdır. Mübahisələr heç bir tərəfə fayda vermir, yalnız əsəbləri gərginləşdirir”, – deyə o vurğulayıb.

Gündüz bəy son illər paytaxt marşrutlarına cəlb olunan elektrik avtobuslarının sürücülər üçün daha rahat olduğunu da qeyd edib. Onun sözlərinə görə, bu nəqliyyat vasitələri həm idarəetmə baxımından komfortludur, həm də akkumulyatorlarının doldurulması qısa müddətdə həyata keçirilir.
Sürücü marşrutlarda interval məsələsinə də aydınlıq gətirib. O bildirib ki, səhər və axşam saatlarında sərnişin sıxlığının artması nəzərə alınaraq əlavə avtobuslar xəttə buraxılır və intervallar azaldılır. Günorta saatlarında isə sərnişin axını nisbətən zəiflədiyi üçün avtobuslar arasındakı vaxt fərqi bir qədər artır.
Qeyd edək ki, açıqlama verən Gündüz Həsənov “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşıdır və uzun illərdir ictimai nəqliyyat sahəsində fəaliyyət göstərir.

Sürücü və sərnişin hansı qaydalara əməl etməlidir?
Qeyd edək ki, ictimai nəqliyyatda rahat və təhlükəsiz mühitin formalaşması üçün həm sürücülər, həm də sərnişinlər müəyyən qaydalara riayət etməlidirlər.
Sərnişinlər üçün əsas qaydalar:
* Avtobusun yalnız rəsmi dayanacaqda saxlanılmasını tələb etmək;
* Düşməzdən əvvəl xüsusi xəbərdarlıq düyməsindən istifadə etmək;
* Minmə zamanı ödənişi mümkün qədər operativ həyata keçirmək;
* Sürücünün diqqətini yayındırmamaq;
* Mübahisə və aqressiv davranışlardan çəkinmək;
* Yaşlılara, uşaqlara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə qarşı diqqətli olmaq.
Sürücülər üçün əsas qaydalar:
* Hərəkət təhlükəsizliyinə tam riayət etmək;
* Sərnişinlərlə etik davranmaq;
* Dayanacaqlarda təhlükəsiz minmə və enməni təmin etmək;
* Qrafikə əməl etməyə çalışmaq;
* Münaqişəli hallarda qanunvericiliyin tələblərinə uyğun hərəkət etmək.
İctimai nəqliyyat hər gün minlərlə insanın istifadə etdiyi xidmət sahəsidir. Bu xidmətin rahat və təhlükəsiz olması isə həm sürücülərin, həm də sərnişinlərin qarşılıqlı hörmət və qaydalara əməl etməsindən asılıdır.
FOTO: Sadıq Əliverdibəyli