SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şəlalə Məhyəddinqızı: Azərbaycan radiosu bu gün ənənə ilə müasirliyin qovşağında dayanır

Şəlalə Məhyəddinqızı: Azərbaycan radiosu bu gün ənənə ilə müasirliyin qovşağında dayanır

Müxtəlif dövrlərin sınaqlarından keçən, incəsənətin, ədəbiyyatın, musiqinin, hətta tariximizin səslə yazılan salnaməsinə çevrilən Ana Radio bu gün də öz missiyasına sadiq qalır.

Zaman dəyişsə də, radionun nəfəsi, səsi və danışıq mədəniyyəti eyni zərifliklə davam edir.

Yurd.Media Azərbaycan radiosunun redaktoru Şəlalə Məhyəddinqızı ilə radionun bu uzun yoluna, bugünkü fəaliyyətinə nəzər salıb.

O qeyd edir ki, 1926-cı ilin bu günü fəaliyyətə başlayan Azərbaycan Radiosu Şərqdə ilk radio idi:

“Bu 99 il ərzində radio böyük inkişaf yolu keçib. O dövrdə radio millətin maariflənməsi, mədəni və intellektual inkişafı üçün mühüm vasitə kimi qəbul olunurdu. Azərbaycan Radiosu xalqın maariflənməsində, milli musiqinin və ədəbi dəyərlərin təbliğində, radio sənətinin formalaşmasında mühüm rol oynayıb.

Televiziya yaranana qədər radio həm informasiya mənbəyi, həm də bir növ “radio məktəbi” funksiyasını yerinə yetirirdi. Televiziyanın meydana gəlməsi ilə informasiya və maarifçilik prosesi iki qolda - həm efirdə, həm də ekranda - inkişaf etməyə başladı.

Azərbaycan Radiosu xalqın milli məfkurəsinin formalaşmasında, dilin, mədəniyyətin və musiqinin qorunmasında mühüm mövqe tutub və bu ənənə bu gün də davam edir”.

Azərbaycan radiosunun redaktoru Şəlalə MəhyəddinqızıAzərbaycan radiosunun redaktoru Şəlalə Məhyəddinqızı

O qeyd edib ki, müasir dövrdə Azərbaycan radiosu artıq ənənəvi formatdan çıxaraq texnologiyanın gətirdiyi yeniliklərlə ayaqlaşır:

“Rəqəmsallaşma prosesi radioda tam şəkildə özünü göstərir - lent yazıları tarixə qovuşur, verilişlər rəqəmsal platformalarda hazırlanır və yayımlanır. Auditoriyanın maraqları, dinləyici davranışları nəzərə alınır, efir məzmunu da bu tələblərə uyğun formalaşır”.

Redaktorun sözlərinə görə, artıq radio təkcə səs deyil - o, eyni zamanda sosial mediada, video və multimedia formatlarında da dinləyicilərlə ünsiyyətdədir: “Azərbaycan radiosu bu gün ənənə ilə müasirliyin qovşağında dayanır və öz inkişaf yolunu yeni medianın tələblərinə uyğun şəkildə davam etdirir.

Azərbaycan Radiosunun “Qızıl Fondu”nda 100 minə yaxın səs yazısı qorunur. Bu unikal arxiv xalqımızın səs yaddaşını yaşadan ən dəyərli irs hesab olunur. Radio tarix boyu ədəbi dilin keşiyində dayanıb, efirə yalnız səlis və düzgün danışığı ilə seçilən diktorlar buraxılıb.

Bu ənənə bu gün də davam etdirilir - gənc diktor və aparıcılar üçün mütəmadi olaraq ustad dərsləri keçirilir, efir mədəniyyətinin qorunması və yeni nəsillərə ötürülməsi istiqamətində ardıcıl iş aparılır”, - deyə Şəlalə Məhyəddinqızı bildirib.

Prime Leasing
SPE Annual Caspian