SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Şəhid kapitan Vüqar Nəcəfovun xatirəsi anılıb - FOTO

Şəhid kapitan Vüqar Nəcəfovun xatirəsi anılıb - FOTO

  • 02 oktyabr 2026, 16:13
Bakı

Vətən Müharibəsi şəhidi, kapitan Vüqar Nəcəfovun xatirəsi anılıb.

Yurd.Media xəbər verir ki, şəhidin anım mərasimində ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Kapitan Vüqar Nəcəfov 2020-ci ildə başlayan II Qarabağ Müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılıb. O, 2020-ci il 2 oktyabr tarixində Cəbrayılın Nüzgar istiqamətində yaralı əsgərlərini təhlükəli mövqedən çıxarmağa çalışarkən düşmənin snayper atəşinə tuş gələrək şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Vüqar Aydın oğlu Nəcəfov 10 avqust 1988-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alaraq zabitlik peşəsinə yiyələnib. 2010-cu ildə Quru Qoşunlarında “leytenant” rütbəsində hərbi xidmətə başlayıb.

Beyləqan və Füzulidə, ön xətdə xidmət edib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib və “kapitan” hərbi rütbəsinədək yüksəlib.  2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub.

Kapitan Vüqar Nəcəfov sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub. Ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin atası Aydın Nəcəfov da I Qarabağ Müharibəsinin iştirakçısı olub. Ailəli olan Vüqar Nəcəfovun İnci və Aydın adlı iki övladı yadigar qalıb.

Şəhidin şəxsi əşyaları hazırda Milli Azərbaycan Tarix Muzeyinin Vətən Müharibəsi fondunda saxlanılır.

Skat.az - Ev və Avtomobil elanları