SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şəhər ətrafı torpaqlara maraq artır: Alıcılara XƏBƏRDARLIQ

Şəhər ətrafı torpaqlara maraq artır: Alıcılara XƏBƏRDARLIQ

Son illər şəhər ətrafı ərazilərdə torpaq sahələrinə olan tələbat əhəmiyyətli dərəcədə artıb. Bu isə fərdi yaşayış evi tikmək istəyənlərin sayının çoxalması ilə izah olunur.

Yurd.Media xəbər verir ki, əlverişli qiymətlərlə satışa çıxarılan torpaq sahələri vətəndaşlar üçün cazibədar görünsə də, bir çox hallarda bu torpaqların təyinatı yaşayış üçün nəzərdə tutulmur.

Azərbaycan Rieltorlar Assosiasiyasının sədri Vəfadar Axundov "ATV"yə bildirir ki, Bakının müxtəlif rayonlarında yerləşən ərazilər arasında kənd təsərrüfatı və sənaye təyinatlı torpaqlar üstünlük təşkil edir:

“Bu torpaqların bir çoxu yaşayış üçün nəzərdə tutulmayıb. Kənd təsərrüfatı və sənaye məqsədli torpaqlarda yaşayış evi tikmək və sonradan onu qeydiyyata almaq, kommunal xidmətlərdən istifadə etmək mümkün deyil. Torpaq alarkən mütləq onun təyinatı yoxlanılmalıdır.”

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə vətəndaşlara torpaq təyinatının dəyişdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə edir.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından etibarən torpaq təyinatı uyğun olmayan sahələrdə tikilən fərdi yaşayış evlərinin su, işıq və digər kommunal xidmət şəbəkələrinə qoşulmasına qadağa qoyulub. Yeni qaydalara əsasən, fərdi yaşayış evləri yalnız lisenziyalı memarlıq şirkətlərinin hazırladığı layihələr əsasında inşa edilə bilər. Tikinti layihələri müvafiq normalara uyğun təsdiqləndikdən sonra torpaq sahəsi üzərində evin tikilməsinə icazə verilir.

Ekspertlər bildirirlər ki, tikinti təyinatlı torpaqlara olan tələbat artdıqca onların qiymətində də ciddi bahalaşma müşahidə olunur. May ayının sonundan avqust ayının sonuna qədər olan dövrdə fərdi yaşayış evləri və torpaq sahələrinə olan maraq nəticəsində qiymətlərdə orta hesabla 10-15% artım qeydə alınıb.

Hazırda Bakıətrafı ərazilərdə tikinti təyinatlı torpaqların bir sotu 2000 manatdan başlayır. Şəhərin mərkəz hissələrində isə bu rəqəm 350.000 – 400.000 manata qədər yüksəlir.