SÜJET
Şamaxıda keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans çərçivəsində “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı panel sessiya təşkil olunub.
Yurd.Media xəbər verir ki, panel sessiya Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə keçirilib.
O vurğulayıb ki, ilahiyyatçılarla media nümayəndələri arasında koordinasiya hər zaman olmalıdır. A.Şirinov qeyd edib ki, komitənin tərkibindəki İlahiyyat İnstitutu bu sahədə media mənsubları ilə əməkdaşlığa hazırdır.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev qeyd edib ki, Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqları və mənəvi dəyərləri hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır.
“APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı isə vurğulayıb ki, hazırda Azərbaycan mediasının dini məlumatlarla bağlı həssaslığı on qat artmalıdır:
"Çünki sosial şəbəkələrdə adi məlumatlar belə çox ciddi manipulyasiya vasitəsinə çevrilə bilir. Bununla mübarizə aparmaq üçün media nümayəndələri ilə treninqlər, qarşılıqlı görüşlər çox olmalıdır".
Panel müzakirələrlə davam edib.
Tədbirin sonunda media qurumlarının rəhbərləri və jurnalistlər təltif ediliblər.