Mətbuat Şurasının sədri Rəşad Məcid də ev telefonunu ləğv etdiyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb:
"Ev telefonunu ləğv elədik. Bu, bir dövrün sona çatmasına işarədir. Yadımdadır, bir vaxtlar evlərə telefon çəkdirmək üçün insanlar hansı çətinliklərlə üzləşərdilər. Hələ telefonu mədh edən əsərləri, yaşanan sevincli, həyəcanlı anları demirəm. İndi ev telefonları ilə birgə bu duyğular, bu hisslər də tarixə, xatirəyə çevrilir".
Rəşad Məcid vurğulayıb ki, bir azdan televizorlar da unudulacaq:
"Ovcumuzdakı bu sehrli əşya dünənəcən həyat tərzimizin ayrılmaz hissəsinə çevrilmiş nə varsa, hamısını əvəzləyəcək. Dünyanı kiçik bir qutuya sığışdıracaqlar. Divin canı şüşədəki quşda olan kimi, beləcə hamılıqla bu tilsimli kiçik cismin itaətkarına çevriləcəyik".
Qeyd edək ki, son illərdə Azərbaycanda ev telefonlarına maraq xeyli dərəcədə azalıb. Ekspertlər bunu həm mobil telefonların sürətli inkişafı ilə həm də insanların həyat tərzində və ünsiyyət vərdişlərində baş verən köklü dəyişikliklərlə əlaqələndirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1.4 milyona yaxın olduğu halda, bu rəqəm 2023-cü ildə 1.3 milyona düşüb və bu statistika düşən templə davam edir.