SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ramazan, sosial media və nəfs tərbiyəsi: mənəvi dəyərlər necə qorunmalıdır? - MÜSAHİBƏ

Ramazan, sosial media və nəfs tərbiyəsi: mənəvi dəyərlər necə qorunmalıdır? - MÜSAHİBƏ

Ramazan ayı yalnız ibadət dövrü deyil, həm də insanın özünə və cəmiyyətə baxışını yenidən dəyərləndirdiyi mənəvi mərhələdir. Bu ayın fərdi və sosial həyata təsiri, nəfs tərbiyəsi, xeyriyyəçilik, uşaqların dini tərbiyəsi, eləcə də gənclərin Ramazana münasibəti cəmiyyətdə geniş müzakirə olunur.

Bu mövzularla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Yurd.Media-nın suallarını cavablandıraraq Ramazan ayının mənəvi dəyərləri, ibadətin mahiyyəti və bu dəyərlərin Ramazandan sonra da necə qorunub saxlanılması ilə bağlı fikirlərini bölüşüb.


- Ramazan ayı insanın mənəvi dünyasına və cəmiyyət daxilində münasibətlərə necə təsir göstərir? 

- Ramazan ayı çox dəyərli aydır, bu aya 11 ayın sultanı deyilir. Ramazanda elə dəyərlər var ki, onlar insanı formalaşdırır. İnsana saflıq və paklıq verir. İnsan öz iç dünyasıyla təmasda olur. Özünü daha da saflaşdırmaq üçün sanki hər gün özünə hesabat verir. Ramazan ayı sadəcə olaraq gün ərzində ac qalmaq deyil. İnsan hərəkətlərinə diqqət yetirir, məsələn dilinə, gözünə, eşitdiyi səslərə diqqət edir, günaha, harama əl uzatmır, qeybət etmir, yalan sözlər danışmır. Tam şəkildə özünü saflaşdırıb günahlardan uzaqlaşır. Hədislərdə də buyurulur ki, bir adam Ramazan ayına daxil olub, ayın sonuna kimi özünü bağışlatdırmasa, o ən aciz, ən zəif bir insandır. Yəni insanın saflaşması üçün çox dəyərli bir aydır.

 - Ramazanda qazanılan mənəvi dəyərləri bayramdan sonra qoruyub saxlamaq üçün nə etmək lazımdır? 

- Ramazanda qazanılan mənəvi dəyərləri insan təkcə Ramazan ayında yox, il boyu qoruyub saxlamalıdır.
Ramazan sözünün mənası "yandırmaq" deməkdir. Yəni daxilində, fikrində nə xətalar, səhvlər varsa, Ramazan ibadəti ilə paklaşdırırsan. Bunu təkcə bir ayın içərisində etmir, il boyu, yəni Ramazandan sonrakı vaxtlarda da əlinə, ayağına, dilinə, gözünə, mənəviyyatına, iç dünyana, ruhiyyət aləminə tam şəkildə diqqət yetirib özünü formalaşdırırsan.

 - Sosial media və texnologiyada Ramazanla bağlı paylaşımların artması ibadətin mahiyyətinə necə təsir edir? 

- Sosial mediada Ramazana aid paylaşımların olması ibadətin mahiyyətinə pis təsir etmir. Sosial mediada Ramazanla bağlı olan paylaşımlar vasitəsilə təbii ki, ibadətdə olan insanlar öz fikirlərini bölüşürlər, insanlarla həmsöhbət olurlar. Bəzən fikirlərini haradasa paylaşan zaman özlərində olan nöqsanları görürlər və demək olar ki, bu faydalıdır.

 - Uşaqlara Ramazan ayı hansı formada və hansı yaşdan etibarən izah edilməlidir? 

- Kiçik yaşlardan uşaqlara Ramazan orucu öyrədilməlidir. Uşağın fiziologiyasına baxmaq lazımdır. Müəyyən günləri tutur, yaxud günün yarısına kimi tutursa, sonrakı vaxtlarda güzəşt etmək lazımdır. Bədən güclənsin. Onun Ramazan orucuna əməl etməyə qüdrəti varsa, o zaman uşağa bu şəraiti yaratmaq lazımdır.

 - Ramazanda tez-tez vurğulanan “nəfs tərbiyəsi” gündəlik həyatda hansı davranışlarda özünü göstərir? 

- İnsanın Ramazanda öz hərəkətlərinə diqqət etməsi və bütün bunların  hamısı nəfsə bağlıdır. İnsanı günaha nəfs aparır, ayaqlarını, dilini, gözünü harama nəfs aparır. Ona görə də nəfsin islahı üçün Ramazan ayı gözəl aydır.

- Ramazan ayında edilən xeyriyyə və yardımlar cəmiyyət üçün hansı real nəticələr yaradır? 

- Ramazan ayında İslamın şərtlərində təkid olunur ki, Ramazan ayında insanların təkcə öz məsələlərini həll etməli deyil. Ramazan ayında insan paylaşmalıdır. Maddi imkanları yaxşı olan şəxslər kasıblara dəstək olmalıdır. Ramazanda yoxsullar üçün iftar süfrəsi açmaq bəyənilir. Bu sosiallaşma, bir-birinə diqqət etmək, kömək olmaq Ramazanın dəyərləri sırasına daxildir. Eynilə də maddi imkanı olan şəxslər meyil etməli, çalışmalıdırlar. Hətta bəzi insanlar xəstədirlər, oruc tutmağa imkanları yoxdur. Amma maddi imkanları normaldır. Onlar fidyə verməlidir. Yəni yoxsullara ərzaq şəklində, yaxud onun əvəzində pul paylamalıdırlar. Ramazanın sonunda fitrə zəkatı çıxarmaq əmri var və bu vacibdir, bütün ailə üzvləri üçün mütləqdir ki, fitrə zəkatı çıxarılsın. Fitrə zəkatı yoxsullara, imkansızlara, ətrafımızda olan şəxslər üçün nəzərə alınır və fitrə zəkatı onlar arasında bölünür.

Fitrə zəkatı dində, şəriətdə ərzaq şəklində hesablanır. Ən çox istifadə olunan ərzaqdan 3 kq, ən çox istifadə olunan ərzaq buğdadırsa, təkcə onu yox, əgər maddi imkanın yaxşıdırsa, üzərində başqa ərzaqlar da almalısan.
Hətta bunu pul ilə əvəz etsək, daha yaxşı olar. Çünki bir imkansıza 50 ya 100 kq buğda yaxud düyü versələr onu tez bir zamanda istifadə edə bilməz. Amma ona ərzaqların pulu hesablanıb verilsə, həmin insan övladlarının məktəb ləvəzimatlarını, paltarlarını, xəstəsinin ehtiyaclarını ödəyə bilər.

- Gənclərin Ramazana münasibəti necədir və onları bu ayın mənəvi dəyərlərinə cəlb etmək üçün nə etmək olar? 

- Gənclərin Ramazana münasibəti çox müsbətdir. Məsələn, mən hər il oruc tutanların sayının çoxaldığını görürəm.
Onlar bunun gözəl ibadət, birlik rəmzi olduğunu bilirlər və ona görə də yüksək səviyyədə meyl edirlər.
Hətta bəziləri namaz qılmağa başlamayıb, lakin Ramazan orucuna başlayıblar. Biz dua edirik ki, onlar namaza da başlayalar. Ramazan da öz-özündə ibadətdir. Namaz da ibadətlərin başında durur. Təbii ki insanlar, xüsusən də gənclər arasında bunun formalaşması, dərk olunması böyük bir gözəllik, əxlaqi dəyərdir. Xüsusən də gənclərin əxlaqı nə qədər müsbət, dəyərincə formalaşarsa,  bu cəmiyyətdə gücdür, qüvvədir, sağlamlıqdır və mənəviyyatdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları