SÜJET
Qubanın Qırmızı qəsəbə sakinləri üçün Qudyalçayın daşqınlarına qarşı 2 milyonluq mühafizə layihəsi həyata keçiriləcək.
Yurd.Media Quba rayonunun tarixi Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üçün 2 milyon manatdan artıq vəsait ayrılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) artıq bu istiqamətdə müvafiq hazırlıq işlərinə start verib. Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti layihənin icrası üçün "Bəyaz İnşaat" şirkəti ilə müqavilə imzalayıb.
İmzalanmış müqaviləyə əsasən, Qırmızı qəsəbədə yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üçün 2.037.337,5 manat vəsait sərf olunacaq.
Qeyd edək ki, XVIII əsrdə salınmış Qırmızı qəsəbə (keçmiş adı Yevreiskaya Sloboda) Qudyalçayın kənarında, Qusara gedən yol üzərində yerləşir və dağ çaylarına xas olan gur axınlar zamanı tez-tez daşqın təhlükəsi ilə üzləşir. Qəsəbə Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı unikal məskən kimi tanınır və ölkənin mədəni irsi üçün böyük əhəmiyyət daşıyır.
Son illərdə iqlim dəyişikliyi ilə əlaqədar olaraq sel və daşqınların intensivliyi və tezliyi artdığından, bu cür mühafizə tədbirlərinin həyata keçirilməsi xüsusi aktuallıq kəsb edir. Layihənin tamamlanması ilə təxminən 3000-ə yaxın qəsəbə sakininin təhlükəsizliyi təmin ediləcək.