SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qızıl oyununun görünməyən tərəfi: Poz-Qazanda böyük uduş nə qədər realdır?

"Qızıl" oyununun görünməyən tərəfi: "Poz-Qazan"da böyük uduş nə qədər realdır?

  • 10 iyul 2026, 20:22

“Azərlotereya”nın təşkil etdiyi “Qızıl” adlı “Poz-Qazan” oyununda böyük uduş məbləğini qazanmaş ehtimalının 0,00002 faiz olduğu məlum olub.

Yurd.Media "Xitab24.az"a istinadən xəbər verir ki, reklamlarda böyük uduşlar, qaliblərin sevinci ön plana çıxarılsa da, real statistika bu oyunun başqa tərəfini də göstərir.

Məsələn, “Azərlotereya”nın açıqladığı məlumatlara görə, “Qızıl” adlı “Poz-Qazan” oyununda 45 milyon 360 min bilet satışa buraxılıb. Onlardan 10 milyon 256 min 241-nin uduşlu olduğu göstərilir. Bu, təxminən hər 4-5 biletdən birinin hansısa məbləğ qazandığı anlamına gəlir.

Lakin əsas sual budur: bu uduşların nə qədəri böyük məbləğdir?

Çünki insanları ən çox cəlb edən məhz böyük uduşlardır. Sadə hesabla, istənilən məbləğdə uduş əldə etmək ehtimalı təxminən 22,6 faizdir. Başqa sözlə, orta hesabla hər 100 biletdən təxminən 23-ü uduş verir, 77-si isə uduşsuz qalır.

Bəs, 22,6 faizlik göstəricidə hansı məbləğlər üstünlük təşkil edir?

Statistikaya baxanda məlum olur ki, uduşların böyük hissəsi kiçik məbləğlərdir. 1 manatlıq uduş üçün 4 milyon 246 min 20 bilet, 2 manatlıq uduş üçün 3 milyon 564 min bilet, 5 manatlıq uduş üçün isə 1 milyon 775 min 520 bilet nəzərdə tutulub. Yəni ümumi uduşlu biletlərin böyük hissəsini məhz kiçik məbləğlər təşkil edir.

Böyük uduşlara gəldikdə isə rəqəmlər kəskin dəyişir. “Qızıl” oyununda 25 min manatlıq əsas uduş cəmi 9 biletdə yerləşdirilib. Bu isə 45 milyon 360 min bilet arasında təxminən 0,00002 faiz ehtimal deməkdir. Başqa ifadə ilə, nəzəri olaraq belə bir uduşa düşmək şansı təxminən 5 milyonda 1 səviyyəsindədir.

1000 manatlıq uduşlar üçün isə 81 bilet ayrılıb. Bu məbləği qazanmaq ehtimalı təxminən 0,00018 faizdir. 100 manatlıq uduşların sayı nisbətən çox olsa da, ümumi bilet sayına nisbətdə yenə də çox kiçik göstəricidir - təxminən 0,007 faiz.

Bir çox oyunçu üçün əsas motivasiya “heç olmasa xərcimi çıxarım” düşüncəsidir. Lakin statistik baxımdan lotereyada əsas üstünlük həmişə təşkilatçı tərəfdə olur. Çünki bilet satışından toplanan vəsaitin yalnız müəyyən hissəsi uduş fonduna ayrılır.

Şans oyunlarının ən güclü tərəfi məhz insan psixologiyasıdır. Uduzan şəxs çox vaxt itirdiyi biletləri deyil, gördüyü qalib hekayələrini xatırlayır. Bir nəfərin böyük məbləğ qazanması minlərlə insanın eyni ümidi davam etdirməsinə səbəb olur.

Belə məqamda daha bir sual yaranır: insanlar real ehtimalları nə qədər düzgün qiymətləndirirlər?

Lotereya təşkilatçıları da adətən bildirirlər ki, bu oyunlar gəlir əldə etmək vasitəsi deyil, əyləncə məqsədi daşıyır. Amma bilet alan şəxslərin bir hissəsi bunu kiçik sərmayə ilə böyük qazanc əldə etmək yolu kimi görür.

Düzdür, bir manatlıq bilet insanı yoxsullaşdırmaya bilər, amma davamlı şəkildə “böyük uduş ümidi” ilə pul xərcləmək artıq fərqli məsələdir...

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları