1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmaq istəyən canilər hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarını atəşə tutur, tibb işçilərini qətlə yetirirdilər. Qara Yanvar gecəsi ağır yaralıları çıxarmağa tələsən təcili yardım maşınları, tibb işçiləri atəşə tutuldu, qanlarına qəltan edildi.
O hadisələrdən 30 il sonra xalqımızın bu dəfə işğal altında olan torpaqlarının azadlığı uğrunda mübarizə zamanı da düşmən xaincəsinə mülki obyektlərə zərbələr endirdi, tibb personalının maşınını hədəf seçdi.
Təcili tibbi yardım həkimi Şahin ÇerpanovYurd.Media Vətən müharibəsi günlərində Tərtər rayonunda “Qrad” mərmisi ilə vurularaq yararsız hala düşmüş təcili tibbi yardım avtomobilinin çəkilişi zamanı həmin anların canlı şahidi, həkim Şahin Çerpanov ilə həmsöhbət olub.
Həkim müharibənin ilk gününü belə xatırlayır:
“27 sentyabr müharibənin ilk günü idi. Füzuli rayonuna yola düşdük. Mən ön cəbhədə deyildim, arxa cəbhədə idim. Amma ölüm orada da vardı. Biz əsasən döyüş bölgəsindən çıxarılmış yaralı əsgərləri xəstəxanaya çatdırırdıq”.
Onun sözlərinə görə, həmin gün gətirilən yaralıların əksəriyyəti gənclər idi:
“Çoxu güllə yarası almışdı, bəziləri kontuziya keçirmişdi. Hamısı cavan uşaqlar idi”.
Şahin Çerpanov bildirir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının kollektivi müharibəyə tam hazır idi:
“Hər bir tibb bacısının üzərində lazım olan dərmanlar vardı. Biz xəstəni xəstəxanaya çatdırana qədər onun həyatını qorumağa çalışırdıq. Xəstəxanada isə artıq həkimlər lazım olan tibbi müdaxiləni edirdi”.
O vurğulayır ki, təminatla bağlı heç bir problem yaşanmayıb:
“Dərman da var idi, tibbi avadanlıq da. O günlərdə çatışmazlıq yox idi”.
Həkimin yaddaşında silinməz iz qoyan hadisələrdən biri müharibənin ilk günlərində baş verib:
“Yanan bir zabiti Bakıya aparırdıq. Bədəninin 80 faizdən çoxu yanmışdı. Yolda iki dəfə şok keçirdi. Amma onu həyata qaytara bildik. Vəziyyəti çox ağır olduğu üçün Bakıya yox, İmişli xəstəxanasına çatdırdıq”.
Şahin Çerpanov deyir ki, onların çalışdığı məntəqədə günlərlə fasiləsiz iş aparılıb:
“Təxminən 500-ə yaxın yaralıya yardım göstərdik. Təəssüf ki, haradasa 150 nəfəri xilas etmək mümkün olmadı. Çox ağır idi. Amma qorxu hissi yox idi. Sadəcə operativ və diqqətli olmaq lazım idi”.
Həkimin danışdığı ən təsirli xatirələrdən biri Şamaxıdan olan bir əsgərlə bağlıdır:
“O əsgərə müxtəlif qurumlardan siqaret, meyvə və başqa paylar gəlirdi. Siqaret çəkmirdi, hamısını yığmışdı. Bakıya gedəndə xahiş etdi ki, yığdığı payı atasına çatdırım. Qayıdanda Şamaxıya yolum düşdü, verdim. Atası çox sevinmişdi. Elə bil oğlundan xəbər almışdı”.

“Qrad mərmisi ambulansı vurdu”
Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tuturdu. Belə hadisələrdən birində, 2020-ci il oktyabrın 6-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yaralıları daşıyan təcili tibbi yardım avtomobili düşmənin atəşinə tuş gəlib. Hadisə nəticəsində feldşer Əhmədli Azər Eldar oğlu və sürücü Musayev Zəfər Həsən oğlu ağır bədən xəsarətləri alıblar.
Tərtərdə “Qrad” mərmisi ilə vurulan təcili tibbi yardım avtomobilinin sürücülərindən olan Asif Hacıyev həmin günü belə xatırlayır:
“Oktyabrın 6-da maşını növbə yoldaşım Musayev Zəfərə təhvil verib Bakıya qayıtdım. Axşam xəbər tutdum ki, Tərtərdə təcili yardım maşını vurulub. Gecə ilə geri döndüm. Avtomobil çöl yolda yararsız vəziyyətdə qalmışdı. Zəfər Musayevin dizindən yaralandığından hospitala aparılmışdı. Ambulansda olan yaralı əsgərlər isə yenidən yaralanmışdı”...
FOTO: Sadıq Əliverdibəyli