Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarında, universitet və institutların yerləşdiyi və həmin təhsil müəssisələrinə yaxın ərazilərdə kirayə mənzillərdə qiymət artımı daha çox müşahidə olunur.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc "İqtisadiyyat.az"a açıqlamasında deyib.
O bildirib ki, avqust və sentyabr aylarında Bakı şəhərinin kirayə mənzil bazarında mövsümi qiymət artımı müşahidə olunur.
V.Orucun sözlərinə görə, bunun əsas səbəblərindən biri hər il 50 mindən çox abituriyentin tələbə adını qazanaraq Bakıya üz tutmasıdır:
“Bu isə kirayə mənzillərə tələbi artırır və nəticədə qiymətlər yüksəlir. Bu mövsümi artım sonradan dövr keçdikcə stabilləşir və yeni qiymətlər artıq bazarın təsdiqlənmiş qiymətlərinə çevrilir. İldən-ilə qiymət artımına da bu mövsümi yüksəliş təsir göstərir”.
V.Oruc bildirib ki, xüsusilə Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarında, universitet və institutların yerləşdiyi və həmin təhsil müəssisələrinə yaxın ərazilərdə qiymət artımı daha çox müşahidə olunur. Onun fikrincə, hazırda ümumi tendensiya kirayə qiymətlərində təxminən 10-15 faizlik artımdan xəbər verir.
Ekspertin sözlərinə görə, avqustun əvvəllərində qiymət artımı ciddi hiss olunmasa da, ayın sonlarına və sentyabrın əvvəllərinə doğru bu proses daha qabarıq xarakter alır:
“Qiymət artımının əsas səbəbi, təbii ki, tələbin artması və təklifin getdikcə məhdudlaşması ilə əlaqədardır”.
AQC sədri həmçinin söyləyib ki, hazırda köhnə tikililərdə kirayə qiymətləri təxminən 500-650 manat, yeni tikililərdə isə 600-800 manat arasında dəyişir:
“Ən çox tələb isə bir və ikiotaqlı mənzillərədir. Ərazi baxımından isə metro stansiyalarının və təhsil müəssisələrinin yaxınlığı əsas meyarlardan biri olaraq qalır. Xüsusilə 20 Yanvar, Elmlər Akademiyası, Gənclik, Nərimanov və Xətai metro stansiyalarının ətrafında tələb daha yüksəkdir. Bu ərazilərdə tələbin artması nəticəsində yaranan qiymət artımı yalnız həmin rayonlarla məhdudlaşmır və digər ərazilərin kirayə bazarına da dolayı təsir göstərir. Dolayı təsirlə bütövlükdə kirayə bazarında qiymətlərin artımı baş verir”.
V.Oruc vurğulayıb ki, mövsümi qiymət artımının sentyabrın təxminən ortalarına qədər davam edəcəyi, ayın sonlarına doğru isə qiymətlərin müəyyən qədər stabilləşəcəyi gözlənilir: “Bundan sonra formalaşan qiymətlər daşınmaz əmlak bazarının ümumi dinamikasına uyğun hərəkət edəcək”.
O bildirib ki, hazırda daşınmaz əmlak bazarının həm satış, həm də kirayə seqmentində artım dinamikası müşahidə olunur və bu prosesin yaxın dövrdə davam etməsi gözlənilir.
