SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Orbitdə unudulan yarım tonluq Sovet kosmik aparatı Yerə qayıdır: Hara düşəcək?

Orbitdə unudulan yarım tonluq Sovet kosmik aparatı Yerə qayıdır: Hara düşəcək?

Sovet istehsalı olan “Kosmos 482” adlı kosmik aparatın növbəti həftə Yerə nəzarətsiz şəkildə düşəcəyi proqnozlaşdırılır.

Yurd.Media xəbər verir ki, 1970-ci illərdə Veneraya eniş etmək üçün buraxılan, təxminən 500 kiloqram ağırlığında olan kapsul, buraxılış raketində yaranan nasazlıq səbəbilə orbitdən çıxa bilməmiş və missiyasını yerinə yetirə bilməmişdi.

Kosmik tullantılar üzrə mütəxəssislərin fikrincə, obyektin haraya düşəcəyi və atmosferdən keçid zamanı nə qədər hissəsinin salamat qalacağı hələlik məlum deyil.

Hollandiyalı alim Marko Lanqbruk kosmik kapsulun 10 may tarixində Yer atmosferinə daxil olacağını bildirib. Onun sözlərinə görə, obyekt bütöv halda qalsa, təxminən saatda 240 kilometr sürətlə yerə çırpıla bilər.

Alim vurğulayıb ki, bu obyekt atmosferdə tam yanmasa belə, bu hadisənin yaratdığı təhlükə, ildə bir neçə dəfə baş verən meteorit düşmələri ilə müqayisə edilə bilər. Hətta ildırım vurma ehtimalı belə daha yüksəkdir.

Lanqbruk qeyd edir ki, kapsulun insan və ya tikili üzərinə düşməsi ehtimalı olduqca aşağıdır, lakin “tamamilə istisna edilə bilməz”.

Kosmik aparat 1972-ci ildə Sovet İttifaqı tərəfindən buraxılmış, lakin Veneraya çata bilmədən Yer orbitində qalmışdı. İllər ərzində aparatın bir çox hissəsi Yerə düşsə də, təxminən bir metr diametrə malik olan metalik eniş kapsulunun 53 ildir yüksək elliptik orbitdə dövr etdiyi və tədricən hündürlüyünü itirdiyi ehtimal olunur.

Veneranın sıx karbon qazı atmosferində dözümlü olmaq üçün hazırlanmış kapsul, Yer atmosferindən keçidi sağ-salamat başa vura bilər və bu da təhlükəni artırmış olur.

Mütəxəssislərin fikrincə Yer səthinin böyük hissəsi su ilə örtülü olduğundan, “okeana düşmə ehtimalı olduqca yüksəkdir”. Qeyd edək ki, 2022-ci ildə Çinə məxsus bir raket və 2018-ci ildə Çinə aid “Tiangong-1” kosmik stansiyası nəzarətsiz şəkildə Yer atmosferinə daxil olmuş və okeana düşmüşdü.

Prime Leasing