Rusiyalı onkoloq, proktoloq və cərrah Yelena Smirnova bağırsaq xərçəngi riskini azaldan qidanı açıqlayıb.
Yurd.Media xəbər verir ki, həkimin sözlərinə görə, qıcqırdılmış (fermentasiya olunmuş) kələm xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır.
Mütəxəssisin “Telegram” kanalında paylaşdığı məlumata görə, alimlər təzə kələmi, turşuya qoyulmuş və hətta onun duzlu suyunu müqayisə edərək araşdırma aparıblar. Tədqiqat nəticəsində yalnız qıcqırdılmış kələmin bağırsaq hüceyrələrini qorumaq və epitel toxumasının bütövlüyünü saxlamaq qabiliyyətinə malik olduğu müəyyən edilib.
Smirnovanın sözlərinə görə, bu effekt qıcqırma prosesi zamanı yaranan güclü metabolitlərlə – xüsusilə süd turşusu, amin turşuları və fitonutrientlərlə bağlıdır. “Bu maddələr bağırsaq mikrobiomumuzun hasil etdiyi birləşmələrə bənzər şəkildə fəaliyyət göstərir”, - deyə həkim qeyd edib.
Bu cür maddələr bağırsağın “baryer funksiyasını” gücləndirərək iltihabı azaldır və ümumilikdə həzm sistemini qoruyur.
Həkim əlavə edib ki, qıcqırdılmış qidaların faydaları barədə daha əvvəl də araşdırmalar aparılıb və bu tədqiqatların nəticələrinə əsasən, belə məhsulların mütəmadi istifadəsi bağırsaq fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xərçəngi riskini azaldır.
Smirnova tövsiyə edib ki, bu məhsulları rasiona tədricən daxil etmək lazımdır: “Əgər əvvəllər qıcqırdılmış qidaları nadir hallarda yemisinizsə, birdən-birə çox yeməyin. Əks halda, köp və narahatlıq yarana bilər”, – deyə o bildirib.
Bundan əvvəl isə həkim bağırsaq sağlamlığı üçün qril üsulu ilə bişirilmiş və ya qızardılmış ətlərdən uzaq durmağı da tövsiyə etmişdi. Onun sözlərinə görə, bu cür məhsullar bağırsaq selikli qişasını qıcıqlandırır.