“SDL Nobel” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əmək müqaviləsi qaydasını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkətdə araşdırma aparılıb və elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilib.
Bununla bağlı “SDL Nobel”ə icrası məcburi olan göstəriş verilib, lakin şirkət tərəfindən məktubda göstərilən müddət ərzində müqavilələr elektrona keçirilməyib.
Nəticədə Əmək Müfəttişliyi Xidməti tərəfindən “SDL Nobel” barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol yazılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə isə “SDL Nobel” barəsində inzibati xəta tərkibi olması müəyyən edilməyib. Bu səbəbdən də inzibati xəta haqqında icraata xitam verilib.
Xidmət bu qərardan apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, “SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.