SÜJET
Naxçıvanda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib.
Yurd.Media xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Pənah Musayev texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqəmsallaşmağa keçidin, eyni zamanda, yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəliyə gətirdiyini bildirib. O qeyd edib ki, konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşmasına, gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikaları açıqlayıb. Qeyd edib ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10 faiz artımın qeydə alınması və indiyədək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. Bütün məlumat sızmalarının 74 faizinin səhvlər, sosial mühəndislik, daxili sui-istifadə kimi insan faktoru ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir.
Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırmaqla qlobal kibertəhdid mənzərəsində dinamikanın əsaslarını vurğulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əmək bazarında kibertəhlükəsizlik sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini irəli sürüb. O, qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən yeni tədris proqramı hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, araşdırılıb və nəzərə alınıb.
Konfrans panel müzakirələri ilə işini davam etdirib.
150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiyyət nümayəndələri, aparıcı İKT şirkətlərin rəhbər şəxsləri və yerli ekspertlər iştirak edib.
Sonda konfrans iştirakçılarına, tərəfdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub.