Naxçıvan Nazirlər Kabinetində MÜŞAVİRƏ

Naxçıvan Nazirlər Kabinetində MÜŞAVİRƏ

  • 22 aprel 2025, 21:57
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə təhsil, səhiyyə, mədəniyyət sistemi üzrə fəaliyyətin cari vəziyyəti ilə bağlı videoformatında müşavirə keçirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə aidiyyəti sahələr üzrə müvafiq icra qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, təşkilatların ölkənin analoji qurumlarına inteqrasiyası, elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, bilik və təcrübə mübadiləsi üzrə əməkdaşlığın artırılması, keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi, vətəndaşlara göstərilən dövlət xidmətlərin pasportlaşdırılması, elektronlaşması, avtomatlaşması və keyfiyyətinin yüksəldilməsi müzakirə olunub.

Həmçinin müşavirədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” layihələrinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış texniki-iqtisadi əsaslandırmalar əsasında müvafiq Layihə İdarəetmə Qrupları tərəfindən icrasının davam etdirilməsi, əlilliyin qiymətləndirilməsi və hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi xidmətlərinin keyfiyyətlə təşkilinə müzakirələr aparılıb.

Müşavirə iştirakçıları daşınmaz mədəni irsin, arxeoloji abidələrin inventarlaşması, mühafizə zonalarının müəyyən edilməsi, habelə pasportlaşması və xəritələrinin hazırlanması, məlumat bazasının yaradılması, mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması və digər aidiyyəti sahələr üzrə işlərin təşkilinə dair göstəriciləri nəzərdən keçiriblər.

Müşavirənin yekununda Baş nazir qeyd olunan istiqamətlər üzrə göstəricilərin artırılması məqsədilə aidiyyəti üzrə tapşırıqlar vermiş, sözügedən sahələr üzrə işlərin keyfiyyətlə icrasının zəruriliyini bildirib.