İsmayıllıda ən qısa zamanda bütün məhəllə və dalanlar müasir işıqlandırma sistemi ilə təmin ediləcək.
Bu barədə Yurd.Media-ya İsmayıllı Rayon İcra Hakimiyyətindən bildiriblər.
Bildirilib ki, İsmayıllı rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma tədbirləri çərçivəsində işıqlandırma infrastrukturunun yenilənməsi istiqamətində ciddi addımlar atılır. Hazırda rayonun əsas prospektləri, mərkəzi küçələr və əsas nəqliyyat yolları müasir işıqlandırma sistemi ilə təmin edilib.
Eyni zamanda, məhəllədaxili küçələr, dar keçidlər və yaşayış massivlərində işıqlandırma işləri mərhələli şəkildə davam etdirilir.
"Həyata keçirilən bu tədbirlərin əsas məqsədi İsmayıllı ərazisində bütün məhəllə və dalanların ən qısa zamanda tam işıqlandırılmasını təmin etməkdir. Yeni işıq sistemləri əhalinin təhlükəsizliyi, rahatlığı və ümumi yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir", - İcra Hakimiyyətindən bildirilib.