MÜSİAD Azərbaycan İctimai Birliyi və Türkiyə Maarif Vəqfi arasında müzakirələr aparılıb.
Yurd.Media xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə yeni təyin olunmuş təmsilçisi Dr.Tabip Gülbay və Maarif Məktəblərinin Gənclik filialının direktoru Mevlüt Altıntop iştirak ediblər.
Görüş zamanı Dr.Tabip Gülbay Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyəti, strateji hədəfləri və reallaşdırdığı layihələr haqqında geniş məlumat verib. O, Maarif Məktəblərinin müasir dövrün qlobal dəyişikliklərini nəzərə alaraq, sosial, mədəni və iqtisadi inkişafa töhfə verəcək peşəkar və dəyərli kadrların yetişdirilməsini qarşıya məqsəd qoyduğunu bildirib.
Rəşad Cabirli MÜSİAD Azərbaycan və Maarif Məktəbləri arasında Azərbaycanda fəaliyyətə başladıqları ilk gündən etibarən sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Sədr MÜSİAD Azərbaycan və Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində artıq bir sıra birgə fəaliyyətlərin həyata keçirildiyini qeyd edərək, qarşıdakı dövrdə də yeni layihələrin planlaşdırıldığını bildirib.
