Bakı və ətraf ərazilərdə inşa olunan yeni binalarda yeraltı qarajların çatışmazlığı son illər daha da artıb.
Yurd.Media xəbər verir ki, ekspertlər vətəndaşları mənzil alarkən müqaviləyə xüsusi diqqət yetirməsinə çağırır.
Tikinti eksperti Elnur Azadov "Xəzər Xəbər"ə bildirib ki, bu problemin əsas səbəbi normativ tələblərin zəif tətbiqi və şirkətlərin əlavə xərclərdən yayınmasıdır:
“Qarajın layihələndirilməsi və inşası baha başa gəldiyinə görə tikinti şirkətləri çox hallarda bu sahəyə vəsait ayırmır. Onlar üçün əsas gəlir mənzil və obyekt satışından gəlir. Bina istismara veriləndən sonra isə məsələ, demək olar ki, ömürlük açıq qalır".
Ekspertin sözlərinə görə, hazırda şəhər ətrafı ərazilərdə qarajların icarə qiyməti bir yer üçün 35–40 manat, paytaxtda 40–100 manat, mərkəzi ərazilərdə isə 120–200 manat arasında dəyişir.
Azadov vətəndaşlara mənzil müqavilələrini diqqətlə oxumağı tövsiyə edib:
“Müqavilədə qaraj yerlərinin statusu — yəni icarə, satış və ya ümumi istifadəyə açıq olub-olmaması açıq şəkildə göstərilməlidir. Əks halda sakinlər sonradan ciddi problemlərlə üzləşirlər”.
Qeyd edək ki, qanunvericiliyə görə, yeni çoxmənzilli yaşayış binalarının layihəsində hər mənzil üçün ən azı bir avtomobil dayanacağı yeri ayrılmalıdır. Əgər bu tələblər layihədə nəzərdə tutulmayıbsa, bu, şəhərsalma norma və qaydalarının pozulması deməkdir.