Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək.
Yurd.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun beş illik fəaliyyəti haqqında AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, ötən il ümumilikdə 3 moduldan ibarət təlim proqramları icra edilib:
"Ötən il Medianın İnkişafı Agentliyinin və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə daim dəyişən media mühitində tələbatlı məzmun yaratmaq, müasir media tendensiyalarını effektiv tətbiq etmək və oxucu vərdişlərinə uyğun yeni media texnikalarını anlamaq məqsədilə yüksəkkeyfiyyətli təlim proqramları təqdim edən “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayıb. Beynəlxalq tədris platforması tərəfindən media nümayəndəsi, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan tələbələr üçün “Rəqəmsal Jurnalistika” və “TV və canlı jurnalistika” mövzularında ümumilikdə 3 moduldan ibarət təlim proqramları icra edilib".
Əhməd İsmayılov həmçinin qeyd edib ki, Azərbaycanda elə bir media subyekti yoxdur ki, beş il ərzində Agentliyin həyata keçirdiyi təlim proqramlarından kənarda qalsın:
"Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının) kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin müasir kommunikasiya sistemlərinə uyğunlaşdırılması, mümkün böhran vəziyyətlərində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin effektiv icra edilməsi məqsədilə müvafiq mütəxəssislərə təlimlər keçirilməsi də artıq ənənə halını alıb".
Xatırladaq ki, Azərbaycanda jurnalistlərin ixtisaslaşmasına dəstək məqsədi ilə Yurd.Media da bu ildən etibarən “Praktik Media Məktəbi”nə start verir. Təlimlərə cəlb olunacaq gənclər seçilmiş istiqamət üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyəcək, həmin sahədə daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriləcəklər.