SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Kurort və sanatoriyalara putyovka verilməsində YENİLİK

Kurort və sanatoriyalara "putyovka" verilməsində YENİLİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istirahət yollayışlarının verilməsində yeni rəqəmsal sistem tətbiq etdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) kurort və sanatoriyalara istirahət yollayışlarının verilməsində yeni sistem tətbiq edir.

Yurd.Media xəbər verir ki,  artıq yollayışların verilməsi rəqəmsallaşdırılıb və mərkəzləşdirilmiş sistem vasitəsilə həyata keçirilir.

AHİK sədrinin müşaviri Elkiyar Ziyadov İTV-yə bildirib ki, prosesin şəffaf və ədalətli aparılması üçün "Kurort Turizm İnformasiya Mərkəzi" yaradılıb, vətəndaş müraciətləri isə ahik.az portalı üzərindən qəbul olunur.

Yeni sistem vətəndaşlara sanatoriya və istirahət mərkəzlərini tarix, yer və sağlamlıq vəziyyətinə uyğun seçmək imkanı verir. Müraciətlərə əsasən yollayışlar qismən ödənişli və ya tam ödənişsiz təqdim olunur. Sosial həssas qruplar – şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə veteranları – ödənişsiz yollayışlarla təmin edilir.

Hazırda gündəlik müraciətlərin sayı 6 minə çatır. Portal üzərindən qeydiyyat zamanı vətəndaş öz məlumatlarını, iş yerini və ailə üzvlərinə dair məlumatları təqdim edir. Qeyd olunur ki, ailə üzvü kimi yalnız həyat yoldaşı və 18 yaşa qədər uşaqlar (və ya 18 yaşdan yuxarı tələbə, subay və işsiz övlad) yollayışa daxil edilə bilər.

İyunun birinci həftəsindən fəaliyyətə başlayan ahik.az portalında müraciət edənlərin sayı artmaqdadır. Sistem üzrə müraciətlər növbəli prinsip əsasında emal olunur və gələcəkdə “skoring” sistemi ilə daha prioritet şəxslərə üstünlük veriləcək.

Son statistikalara əsasən, 2024-cü ilin noyabrından bu günədək 28 mindən çox müraciət daxil olub, onların 22 minindən çoxu üzrə yollayış təqdim edilib. Müraciətlərin artımı həm əlçatanlığın, həm də vətəndaş məmnuniyyətinin göstəricisi kimi qiymətləndirilir.

Vətəndaşlar yalnız ildə bir dəfə yollayışdan istifadə edə bilərlər – həm müraciətçi, həm də ailə üzvü qismində. Bu yanaşma daha çox insanın xidmətlərdən faydalanmasını təmin etməyə yönəlib.

Prime Leasing