“Kontakt Home” yanğın təhlükəsizliyi qaydalarını pozdu, cərimələndi
Azərbaycanda elektronika, məişət texnikası və mebel satışı üzrə fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsində qanun pozuntusu aşkar edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən “Kontakt Home” mağazalar şəbəkəsinin Bakıxanov mağazasında yoxlama aparılıb.
Yanğın-Texniki müayinə aktından görünür ki, obyektin elektrik naqillərində örtüyü zədələnmiş naqillərdən istifadə olunur, obyektin anbarında otaqlar təmiz vəziyyətdə saxlanılmayıb.
Bundan başqa, yanğın xəbərverici siqnalizasiya qurğusu anbarda işə yararlı vəziyyətdə deyil, obyektdə çıraqbanları elektrik naqillərindən asılı vəziyyətdə saxlanılıb. Obyektin pilləkən qəfəslərinə əlavə əşyalar yığılıb.
Obyektin rəhbəri yanğına qarşı təbliğat aparmayıb, işçilərə yağın təhlükəsizliyi tədbirlərini öyrətməyib. Obyektin anbarında 112 yazılı çağırış telefon nömrəsini bildirən lövhə asılmayıb.
Bununla bağlı mağazalar şəbəkəsinin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “Kontakt Home” 350 manat cərimə edilib.