SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
İşğaldan azad olunmuş ərazilərə səyahət: Marşrutlar, qaydalar və kvota AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərə səyahət: Marşrutlar, qaydalar və kvota AÇIQLANDI

Yay mövsümünün başlanması ilə vətəndaşların bölgələrə, xüsusilə də işğaldan azad olunmuş ərazilərə səfərləri artacaq. Bu səbəbdən müvafiq qurumlar tərəfindən həmin istiqamətlər üzrə həm müntəzəm avtobus reysləri, həm də şəxsi avtomobillərlə səfərlər üçün şərait yaradılır.

Yurd.Media xəbər verir ki, bu barədə “AYNA”-nın İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov "Real TV"-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Bakı–Laçın, Bakı–Xankəndi–Laçın, Mingəçevir–Xankəndi–Laçın, Gəncə–Xankəndi–Şuşa və Bərdə–Xankəndi istiqamətlərində müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bu marşrutlar üzrə biletləri “biletim.az” portalı vasitəsilə əldə etmək mümkündür. Reyslər gündəlik həyata keçirilir və bayram günlərində tələbatın artması ilə əlavə reyslər də təşkil olunur.

Şəxsi avtomobillərlə Şuşa şəhəri, Laçın şəhəri və Suqovuşan qəsəbəsinə səfər etmək mümkündür. Bu səfərlər “yolumuzqarabaga.az” portalı üzərindən qeydiyyat yolu ilə həyata keçirilir. Portalda avtomobilin və səfər iştirakçılarının (sürücü daxil olmaqla maksimum 9 nəfər) məlumatları daxil edildikdən sonra SMS təsdiqi göndərilir. Bu təsdiq mesajı alınmadan səfərə çıxmaq olmaz.

Səfərlər üçün kvota məhdudiyyətləri də mövcuddur. Şuşa və Laçın istiqamətlərində kvota tətbiq olunmur, lakin Suqovuşan üçün gündəlik 100 nəfərlik kvota müəyyən olunub. Şuşa və Laçın istiqamətində səfər icazəsi 2 günlük, Suqovuşan üçün isə 1 günlük verilir. Hər bir şəxs yalnız bir istiqamət üzrə səfər edə bilər.

Qeydiyyat prosesi zamanı SMS təsdiqinin gecikməsi hallarında vətəndaşlar 141 Çağrı Mərkəzinə zəng edərək dəstək ala bilərlər.

Emin Məcidov bildirib ki, statistika Şuşa şəhərinə olan marağın daha yüksək olduğunu göstərir. Bununla əlaqədar həmin istiqamətə olan reyslərdə doluluq faizi yüksək olur və əlavə reyslərin təşkili üçün addımlar atılır. Bayram və istirahət günlərində isə əvvəlcədən planlama aparılaraq tələbat nəzərə alınır.

Rəsmi məlumatlara əsasən, hazırda yalnız Azərbaycan Respublikası vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə bilər. Xarici vətəndaşlar isə yalnız aidiyyəti qurumlar vasitəsilə müvafiq icazə aldıqları təqdirdə bu səfərləri reallaşdıra bilərlər.