“Av Tourism Company” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən şirkətdə yoxlama aparılıb.
Məlum olub ki, ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 400 manat olduğu halda şirkət tərəfindən işçilərin əməkhaqqısı aşağı yazılıb. Halbuki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı ola bilməz.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə “Av Tourism Company” 1000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, cəmi 10 manat nizamnamə kapitalı ilə 2018-ci ildən fəaliyyət göstərən “Av Tourism Company”ə hindistanlı Amit Verma rəhbərlik edir.