SÜJET
Gəncədə mənzildə yanğın törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədovadan pul istəyib, ancaq istədiyi pulu ala bilməyib.
Yurd.Media bu barədə Musavat.com-a istinadən xəbər verir.
Məlumata görə, qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova ondan polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.
*** 16:20
Gəncədə yanğın hadisəsindən öncə bıçaqlanma nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Yurd.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-si, saat 14:00-da 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
*** 14:42
Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.
Yurd.Media Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəxsi zəmində baş verib.
Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
*** 14:17
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yurd.media xəbər verir ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
*** 13:31
Gəncədə yaşayış binasında partlayış olub.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Pasyolka adlanan ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində partlayış olub.
Məlumata görə, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.