SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Gəncədə son aylarda 4 faciə: Regionlarda gənclərin çıxılmazlığı - ARAŞDIRMA

Gəncədə son aylarda 4 faciə: Regionlarda gənclərin çıxılmazlığı - ARAŞDIRMA

Gəncə

Gəncədəki faciəvi hadisələr: sosial problemlərin reallığı

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə may-iyun aylarında baş vermiş bir neçə faciəvi hadisə regionlarda gənclərin yaşadığı sosial və psixoloji problemlərin nə qədər acınacaqlı olduğunu bir daha gündəmə gətirdi.

2007-ci il təvəllüdlü Elgün İbrahimov mayın 13-də aldığı xəsarətlərdən dünyasını dəyişib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi açıqlamasında onun hündürlükdən yıxıldığı bildirilib.

İyunun 4-də 20 yaşlı C. Abbasovun meyiti Heydər Əliyev park kompleksində sakinlər tərəfindən tapılıb. Mətbuat onun intihar etdiyi ehtimalını irəli sürüb.

İyunun 18-də avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyevin cəsədi aşkar olunub. Yenə də intihar ehtimalı əsas versiyadır.

Ötən həftə isə 19 yaşlı İbrahim Nazarovun cansız bədəni evin qapısını açan atası tərəfindən asılmış vəziyyətdə tapılıb.

Bu faciəvi hadisələr gənclərin regionlarda yaşadıqları təcrid, sosial çıxılmazlıq və psixoloji çətinliklərin dramatik nəticəsidir. Hər bir itki yalnız ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün sarsıdıcıdır və regionlarda gənclərin təhlükəsizliyi, psixoloji dəstəyi və sosial müdafiəsi məsələlərinin həlli üçün təcili tədbirlər görülməsinin vacibliyini göstərir.

Gənclərin gələcəyə inamsızlığı və sosial passivlik

Regionlarda yaşayan gənclərin gələcəyə inam səviyyəsi aşağıdır. Məşhur sosioloq Lalə Mehralı Yurd.Media-ya bildirib ki, əsas səbəblərdən biri mədəni və sosial istirahət üçün uyğun məkanların yoxluğu və sosial imkanların məhdud olmasıdır. “Gənclər evləri” kimi dövlət tərəfindən yaradılan mərkəzlərin fəaliyyəti bəzən formal xarakter daşıyır və gənclər orada real mənada sərbəst inkişaf imkanları əldə edə bilmirlər:

"Gənclər sosiallaşmaq və mənəvi qidalanmaq üçün kifayət qədər imkanlara malik deyillər. Parklar, kitabxanalar, kafe və digər sosial məkanlar ya mövcud deyil, ya da gənclər üçün əlçatan deyil. Bu isə onların enerjilərini boşalda bilməməsi, sosial izolyasiya və ümidsizlik kimi hallara yol açır".

İşsizlik və urbanizasiya problemləri

Regionlarda təhsil alan gənclərin çoxu doğma yerlərində işləmək istəmir. Lalə Mehralı deyir ki, təhsil onların üçün böyük sərmayə olsa da, məşğulluq imkanlarının azlığı bu sərmayəni “ölü kapital”a çevirir. Bu səbəbdən gənclərin böyük əksəriyyəti paytaxta və ya xaricə üz tutur. Nəticədə regionlarda urbanizasiya sürətlənir və sosial problemlər dərinləşir.

İşsizlik səviyyəsi regionlarda paytaxta nisbətən 1,5-2 dəfə yüksəkdir ki, bu da gənclərin sosial və iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bu da onları radikal və zərərli təsirlərə qarşı daha həssas edir.

sosioloq Lalə Mehralısosioloq Lalə Mehralı

Psixoloji çətinliklər və dəstək sisteminin məhdudluğu

Məktəb psixoloqu Məhluqə Firudinli isə Yurd.Media-ya bildirib ki, region gənclərinin özünü təyin etməsi, dərk etməsi, gələcək perspektivlərini qurması sosial media, internet və ailə mühitinin təsiri ilə çətinləşir. Nəticədə özünüqiymətləndirmə problemləri, depressiya və digər psixoloji pozuntular yaranır.

Psixoloq Nabat Mirzəyeva əlavə edir ki, regionlarda sosial imkanların məhdudluğu və ailə daxilində təzyiqlər gənclərin psixoloji sağlamlığına mənfi təsir göstərir. Qızların erkən evlilik, məhdud seçim və bəzən məişət zorakılığı riski artır. Məktəblərdə peşəkar psixoloji dəstək çox azdır, bu da gənclərin daxili problemlərini ifadə etməsini çətinləşdirir.

Hazırda regionlarda hər 1000 nəfərə yalnız bir psixoloq düşür ki, bu, beynəlxalq standartlardan çox geri qalır. Bu, psixoloji yardıma çıxışı məhdudlaşdırır və gənclərin problemlərinin dərinləşməsinə səbəb olur.

Prime Leasing