SÜJET
Son dövrlərdə evdə bahalı it və pişik saxlamaq tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. İnsanlar tez-tez düşünmədən ekzotik və iri cins heyvanlar əldə edərək onları kiçik mənzillərdə saxlayırlar. Hətta bir mənzildə bir neçə pişik və ya it saxlayanlar da az deyil. Bu isə qonşular üçün narahatlıq, bəzən isə təhlükə yaradır.
Mövzu ilə bağlı Yurd.Media-nın suallarını cavablandıran vəkil Babək Umudov bildirib ki, ev heyvanlarının saxlanması həm qanunvericiliklə tənzimlənir, həm də sahiblərdən ciddi məsuliyyət tələb olunur:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli, 38 nömrəli qərarı ilə təsdiqlənmiş "Yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması Qaydaları"na əsasən, şəhər və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binalarda yaşayan hər bir ailəyə — qonşulara narahatlıq yaratmamaq şərtilə — bir it və iki pişik saxlamağa icazə verilir”, — deyə vəkil vurğulayıb.
İri və təhlükəli cinslər üçün əlavə tələblər
Babək Umudovun sözlərinə görə, iri və təhlükəli cins itlərə (məsələn, senbernar, doberman, alman ovçarkası, boksyor və s.) mənzillərin və təşkilatların girişində “Təhlükəlidir” yazılmış xəbərdarlıq lövhələrinin asılması məcburidir:
“Qanunla vəhşi heyvanların (ilan, ekzotik yırtıcılar və s.) çoxmərtəbəli binalarda və malikanə tipli evlərdə saxlanması qadağandır”, — deyə o əlavə edib.
Çoxmərtəbəli binalardan fərqli olaraq, fərdi yaşayış evlərində it və pişiklərin sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Yəni həyət evlərində insanlar istədikləri qədər ev heyvanı saxlaya bilərlər. Lakin bu, onların heç bir məsuliyyət daşımadığı anlamına gəlmir.
Vəkil Babək Umudovun sözlərinə görə, ev heyvanı saxlayan şəxslər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
“Heyvanları hər il Dövlət Baytarlıq Xidməti tərəfindən tanınan klinikalarda qeydiyyatdan keçirmək, dişləmə və ya xəstəlik hallarında dərhal baytarlıq müəssisələrinə müraciət etmək və heyvanı karantinə almaq. Eyni zamanda, ölən heyvanların cəsədlərini sahibsiz heyvanların qəbul məntəqələrinə təhvil vermək. Əgər yaşayış yerini dəyişirlərsə, 5 gün ərzində yeni ünvana uyğun baytarlıq xidmətini məlumatlandırmaq lazımdır. Və əlbəttə, heyvanın insanlara zərər yetirməsi halında bütün müalicə xərclərini qarşılamaq da sahiblərin vəzifəsidir”, — hüquqşünas bildirib.
Nəzarət orqanları kimlərdir?
Vəkilin sözlərinə görə, heyvanların saxlanmasına bir neçə qurum nəzarət edir. O bildirib ki, ev heyvanlarının qeydiyyatı və saxlanma şərtlərinə əməl olunmasına yerli icra hakimiyyəti nəzarət edir.
Vəkil vurğulayıb ki, qayda pozuntuları barədə məlumatlar müvafiq agentliklərə, o cümlədən Daxili İşlər Nazirliyinə ötürülür.
Peyvənd, müayinə və təhlükəli heyvanların zərərsizləşdirilməsi ilə isə baytarlıq idarələri məşğul olur. Dövlət sanitariya nəzarəti isə gigiyena və sanitariya qaydalarının pozulmasına qarşı tədbirlər həyata keçirir.
Babək Umudov bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, ev heyvanı sahibi onun başqasına vurduğu hər hansı zərərə görə tam məsuliyyət daşıyır. Heyvanın nəzarətdən çıxması və ya qaçması belə bu məsuliyyəti aradan qaldırmır:
“Əgər heyvan bir şəxsi dişləyərsə, onun müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir. Sahiblər həmçinin heyvanlarının nəzarətsiz qalmaması üçün fiziki tədbirlər görməlidirlər”, — deyə vəkil qeyd edib.
İnzibati və cinayət məsuliyyəti
İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən, ev heyvanlarının saxlanması qaydalarının pozulması hallarında aşağıdakı cərimələr nəzərdə tutulur:
“Qadağan olunmuş yerlərdə heyvan saxlamaq və gəzdirmək, sahibsiz buraxmaq, cilovsuz gəzdirmək, müalicə məqsədi daşımayan cərrahi müdaxilələr (qulaq və quyruğun kəsilməsi və s.), habelə heyvana lazımi qulluq və qayğının göstərilməməsi hallarında 200 manat cərimə tətbiq edilir. Bu pozuntular təkrarlandıqda cərimə 300 manata, insan sağlamlığına zərər və ya maddi ziyana səbəb olduqda isə 800–1000 manatadək artırılır,” — deyə Babək Umudov bildirib.
Əgər ev heyvanının davranışı nəticəsində şəxs həlak olarsa və ya əmlaka külli miqdarda ziyan dəyərsə, heyvan sahibinin təqsiri sübuta yetirildiyi halda, o, cinayət məsuliyyəti daşıyır.
Vəkil əlavə edib ki, qanunvericiliyə əsasən, ictimai yerlərdə, binanın həyətində və ya girişində ev heyvanının yaratdığı məişət səs-küyünə görə, xüsusilə saat 24:00-dan 07:00-dək, 150–200 manat arası inzibati cərimə tətbiq oluna bilər.