SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda Dövlət-din münasibətlərinin konstitusion prinsipləri müzakirə olunub

Bakıda Dövlət-din münasibətlərinin konstitusion prinsipləri müzakirə olunub

  • 24 dekabr 2025, 13:46

Bakıda "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusuna həsr olunan Din Xadimlərinin II Forumu keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbirin açılışında bildirib ki, tolerantlıq və multikulturalizm şərəfli keçmiş olduğu qədər, həm də parlaq və firavan gələcəyin zəmanətidir.

Onun sözlərinə görə, dövlət qeydiyyatına alınmış yüzlərlə dini qurumun, müxtəlif konfessiyaların bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanın demokratik və tolerant imicini beynəlxalq aləmdə ucaldan mühüm amillərdəndir:

"Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adası kimi təbliği istiqamətində sistemli addımlar atılmış, dünyanın nüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq platformaları yaradılıb".

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Forumda çıxışında bildirib ki, müasir dünyadakı problemlərin fonunda müsəlmanlar passiv duruma düşüblər.

O qeyd edib ki, hazırda bəşəriyyət çətin dönəmdən keçir:

"Dünyamız hər keçən gün xaotik duruma düşür. Başda Fələstin olmaqla bir çox ölkələrdə münaqişə ocaqları var. Belə bir vasatlıqda sülh və firavanlığa xidmət edən dünyanın qurulmasına böyük ehtiyac var. Ona görə, din qurumlarının birlikdə işləməyi, müştərək layihələr ortaya qoyması vacibdir. Biz buna hər zaman hazırıq".

S.Arpaquş din-dövlət münasibətlərinə həsr olunmuş Azərbaycan Din Xadimlərinin II Forumunun işinə uğurlar arzulayıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə çıxışında bildirib ki, Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.

Ombudsman qeyd edib ki, tarix boyu azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib:

"Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirir".

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, dini təbliğat erkən nikahların, məişət zorakılığın qarşısının alınmasında müsbət nəticə verə bilər.

Onun sözlərinə görə, müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədir:

"Ailənin inkişafı, insan hüquqlarının qorunması, gələcəyimiz olan uşaqlara milli-mənəvi dəyərlərin ötürülməsi də risk altındadır. Bu məsələlərin aradan qaldırılmasında, bütün cəmiyyətin, o cümlədən din xadimlərinin də üzərinə məsuliyyət düşür. Qadın cəmiyyətdə hörmət edilən fərddir. Cəmiyyətdə qadına dəyəri qorumaq vacibdir. Ona görə də din xadimləri bu məsələdə təbliğat aparmalıdırlar".

Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, Azərbaycanda bəzi neqativ stereotiplər mövcuddur:

"Erkən nikahların, qadınlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlərdə dini baxımdan təbliğat müsbət nəticə verə bilər. Hesab edirik ki, ailə və cəmiyyətin qadınların üzərinə qoyduğu işi təkcə hüquqi baxımdan deyil, mənəvi-ictimai tədbirlərlə də inkişaf etdirməliyik. Ona görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı faydalı ola bilər".

Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov tədbirdə çıxış edərək bildirib ki, Qazaxıstanda Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə və ardıcıl inkişafa yönəlmiş genişmiqyaslı islahatlar böyük diqqət və maraqla izlənilir:

"Müstəqilliyin ilk illərindən etibarən ölkəmiz Azərbaycanla həqiqi dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına əhəmiyyət verib".

O, bu gün Qazaxıstanın vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin əsasını təşkil etdiyi polietnik və çoxkonfessiyalı bir dövlət olduğunu bildirib. Yernur Aitkenov ölkəsində dini azadlığın inkişafının zəngin mənəvi irsə, dinlərarası dialoq və qarşılıqlı hörmətin çoxəsrlik ənənələrinə əsaslanan özünəməxsus yolla həyata keçirildiyini vurğulayıb.

Tədbirdə "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları