Əmlak bazarında bahalaşma əvvəl əsasən Bakı və ətraf qəsəbələrdə müşahidə olunsa da, indi bölgələrdə də mənzil və kirayə qiymətlərində ciddi artım qeydə alınıb.
Yurd.Media xəbər verir ki, Gəncədə əmlak satışı ilə məşğul olan Fərhad Əhmədov bildirir ki, son 6 ayda qiymətlər təxminən 10 faiz artıb:
“Mərkəzdə qiymətlər daha kəskin surətdə yüksəlib. Ərazi və otaq sayına görə qiymətlər dəyişir. Məsələn, mərkəzdə olan 2 otaqlı evin qiyməti 80 min manata qədərdir, kənar ərazilərdə isə 60 mindən başlayır”.
Qiymət artımı yalnız satışlarda deyil, kirayə bazarında da özünü göstərir. Rieltor Ceyhun Muğalov deyir ki, kirayə ev tapmaq çətinləşib:
“İndi 1 otaqlı mənzilin kirayəsi 250–300 manat civarındadır. Əksəriyyəti içi boş, mebelsiz evlərdir. Kirayə istəyən çoxdur, amma uyğun qiymətli ev tapmaq çətindir”.
Əmlak üzrə ekspert Elnur Azadov "ATV Xəbər"ə deyib ki, bahalaşma daha çox turizmin inkişaf etdiyi və universitetlərin yerləşdiyi şəhərlərdə müşahidə olunur:
“Gəncə, Qazax, Şəki və Lənkəran kimi bölgələrdə tələbat çoxdur. Kənd əhalisinin şəhərlərə axını və icarə üçün mənzil qıtlığı qiymət artımını sürətləndirir. Ən çox zərər görən təbəqə isə tələbələrdir”.
Ekspertlərin fikrincə, kirayə münasibətləri çox zaman rəsmi müqaviləsiz aparıldığından ev sahibləri istədikləri vaxt qiyməti qaldıra bilirlər.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk 9 ayında mənzil bazarında 12,7% bahalaşma qeydə alınıb.