SÜJET
Yurd.Media portalının baş redaktoru Murad Əliyevin CBC FM radiosunun efirində layihənin yaranma səbəbləri, bölgələrdəki media ilə bağlı boşluqlar, gənc jurnalistlərin yetişdirilməsi və gələcək planlar ətrafında müzakirələr aparıb. Radionun aparıcısı Xanlar Mehdiyevin təqdimatında “Səhər saatı” proqramında təşkil olunan müsahibəni təqdim edirik.
- Murad müəllim, Yurd.Media niyə yarandı?
- Yurd.Media Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatını işıqlandıran bir media portalı olaraq fəaliyyətə başlayıb. Bu, əslində bir ideya deyil, zərurət idi. Uzun illərdir ki, Azərbaycanın bölgələrindəki həyatı işıqlandırmaq baxımından belə bir zərurət var idi. Lakin, demək olar ki, 30 ilə yaxındır bu işi həyata keçirməyə adamın əli gəlmirdi. Çünki Qarabağsız belə bir layihəyə başlamaq bir o qədər dolğun görsənmirdi. Ona görə bu, elə arzu kimi qalmışdı ki, belə bir iş ortaya qoymaq olar. Şükürlər olsun ki, 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı azad edə bildik. Böyük bir zəfər çaldıq. Onda düşündüm ki, artıq vaxtıdır. Buna baxmayaraq, müəyyən tərəddüdlər var idi. Amma 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatlarında Cənab Ali Baş Komandanın rəhbərliyi ilə suverenliyimiz tam bərpa olunduğu gün dedim ki, artıq başlamaq vaxtıdır. Daha sonra fəaliyyətə başlayana qədər olan müddətdə müəyyən hazırlıq planlarını həyata keçirdik. Bilirsiniz ki, bu il həm Konstitusiya və Suverenlik ilidir, həm də milli mətbuatımızın yaranmasının 150 illiyidir. Bu əlamətdar ildə Zərdabinin davamçıları kimi belə bir layihəyə başlamaq olduqca qürurvericidir.
- Adətən Bakıdan bölgələrə gedəndə oranın müxbirləri narazılıq edir, Bakıda olanlar da bölgə müxbirlərindən narazılıq edir. Bu balans necə tənzimlənəcək?
- Bu məsələ illərdir davam edir. İstər mətbuat sahəsində, istərsə də digər məsələlərdə bölgələrin öz spesifik baxış bucağı olur. Ancaq qəbul etməliyik ki, bu gün bölgələrdə daha fəal olan, baş çıxardan jurnalistlər, operatorlar Bakıya üz tutur. Onlar gəlməsə də, Bakıdakı media onları bura çəkib gətirir. Çünki yaxşı jurnalistlərə tələb var. Təbii ki, maddi məsələlərin də burada yüksək səviyyədə olması öz təsirini göstərir. Nəticədə həmin bölgədə boşluq yaranır. Biz illərlə müşahidə etmişik ki, hansısa vacib tədbir olanda Bakıdan müxbir və yaxud da operator göndərmək lazım olur. Kommunikasiya nə qədər yaxşı olsa da, Bakıdan gedən şəxs təkcə həmin anı işıqlandırır. Ondan əvvəlki və ya sonrakı məsələləri təbii ki, işıqlandırmır. Ancaq daha yaxşı olar ki, hər bölgənin öz mediası formalaşsın və jurnalistlər məhz yerində işləyə bilsinlər.
- Bunun üçün böyük resurs və vaxt lazımdır. Məsələn, bazası olan bir şəxsi jurnalist kimi yetişdirmək üçün minimum 3 ay vaxt lazımdır. Necə çatdıra biləcəksiniz?
- Düzdür, vaxta ehtiyac var, amma resurs baxımından hesab etmirəm ki, böyük resurs lazımdır. Əsas inad və səbrlə şəxslərlə işləmək lazımdır. Şəxsən bu layihə başlayandan dostlar, bölgələrdə olan bir çox jurnalistlər müraciət edirlər ki, sizlə işləmək istəyərdik. Ümumiyyətlə, heç bir bölgə jurnalisti ilə əməkdaşlıq etmək fikrimiz yoxdur. Onların işlədiyi konkret televiziyalar, saytlar, agentliklər var və öz işlərini yaxşı, pis hansısa formada görə bilirlər. Bizim məqsədimiz bölgələrdə əsasən gənclərdən ibarət yeni kadrlar formalaşdırmaq, onları inkişaf etdirmək və üzə çıxarmaqdır. Bununla bağlı bir ideya da var. Belə ki, bölgələrdə təlimlər təşkil edərək müəyyən bir kontingent formalaşdırmağı düşünürəm. Yəqin ki, növbəti aydan bu reallaşacaq. Bu gün Yurd.Media-nın əməkdaşlarının əksəriyyəti də tələbələrdən və gənclərdən ibarətdir. Bir neçə ay ərzində müxtəlif universitetlərdən 30-a yaxın tələbəni cəlb etdim və onlarla çalışmalar etdik. Yurd.Media açılanda onlardan 10-12 nəfəri hansısa formada artıq hazırdır. Təbii ki, tam olaraq mətbuatın bütün spektrlərini əhatə edəcək səviyyədə deyillər, amma artıq bu gənclər bizim mətbuatın gələcəyidir. Onlarla işləmək həqiqətən çox xoşdur. Adamlar həm çox çalışmaq, həm də çox öyrənmək istəyirlər. Bax, bu formatı düşünürəm ki, növbəti mərhələdə bölgələrlə bağlı etmək olar.
- Burda bir məsələ ön plana çıxır — kadr "oğurlamaq" məsələsi var. Yəni siz bu gəncləri yetişdirəcəksiniz, kimsə gəlib götürəcək. Məsələn, 500 manat artıq verib cəlb edəcəklər. Bu məsələni necə tənzimləyəcəksiniz?
- Biz əgər bu redaksiyanı məktəb kimi formalaşdıra bilsək, kadrların lazım olan yerlərə cəlb olunmasına özüm də şərait yaradaram. Bizim məqsədimiz gəncləri inkişaf etdirməkdir. Məsələn, bizdə hələ ki, yazılı mediadır, amma sözsüz ki, audiovizual olaraq da yavaş-yavaş inkişaf etdirəcəyik. Hansısa televiziyada bizim kadra ehtiyac yarandıqda və cəlb olunduqda, istənilən halda bu, bizim adımıza müsbət haldır. Daha çox qısqanclıqla yanaşdığımız hal, işçilərin dövlət qurumlarına getməsidir. Yaxşı jurnalist kimi formalaşmış, qələmi olan şəxs hansısa dövlət qurumunda mətbuat xidmətinin əməkdaşı kimi gedir. Orada həm maddi baxımdan yaxşıdır, həm işi rahat olur — saat 18:00-dan sonra işləmir. Bizdə isə 24 saat işdir. Bu kimi hallar, təbii ki, onları cəlb edir. Bu bir az qısqanclıq yaradır ki, gedən sənin kadrındır. Amma yenə də buna mən başqa formada yanaşıram — o şəxslər həmin qurumda bizim nümayəndəmizdir. İnformasiyanı daha rahat və ilk əldə etmək üçün ürəklə deyə bilərəm ki, bu xəbəri birinci bizə ver. Ona görə bütün məsələlərə pozitiv tərəfdən baxmaq yaxşıdır.
- Əslində, bölgələrdə bu sistemi tam işə sala biləndə informasiyanı satmaq məsələsini də tətbiq etmək olar. Xaricdə informasiyanı satmaq bir mədəniyyətdir və bu bizdə çox az formalaşıb. Məsələn, Türkiyədə Anadolu Ajansı, yaxud DHA, İHA çəkir, digər kanallar onlardan alır. Bizdə isə hələ də istinad məsələsi mübahisə yaradır.
- Bəli, biz hələ istinad davası döymək mərhələsindəyik. Düzdür, o səviyyəyə çatmağa çox var, amma bu bazar formalaşmalıdır. Baxaq qonşu ölkə Türkiyəyə: orada hal-hazırda aparıcı 50-60 televiziya kanalı. Əsas TV-lərin əksəriyyətinin bölgələrdə nümayəndəsi yoxdur, müxbir postu yoxdur. Amma xəbər buraxılışlarında bütün bölgələrdən xəbər təqdim edirlər. Çünki onların İHA, Anadolu kimi agentliklərlə əməkdaşlıqları var, materialları onlardan götürürlər. Bu gün bunu bizdə etmək üçün birincisi, ölkədə peşəkar kadrlar olmalıdır. Məsələn, Yurd.Media peşəkar kadr potensialı olmadan bu təklifi edə bilməz. Biz o kadrları hazırlamalıyıq. Kadr hazır olandan sonra artıq texniki təminat – kamera, maşın və s. – avtomatik öz həllini tapacaq.
- Bölgələrdə hansı mövzular var? Yurd.Media tədbirlər işıqlandırılacaq, yoxsa spesifik mövzulara toxunulacaq?
- İrəlidə böyük həll olunası məsələlər var. İlk növbədə bölgələrə investisiya cəlb olunmalıdır. Cənab Prezidentdə çıxışlarının birində vurğulamışdı ki, oturub gözləməkdən bölgəyə investisiya gəlmir, onu cəlb etmək istiqamətində iş görülməlidir. Bu investisiyanın cəlb olunması üçün də həm xarici həm yerli investorlara müvafiq təqdimatlar olmalıdır. Bölgələrimizin istifadə olunmayan resursları var – istər təbii, istər insan resursları – onları göstərmək, təbliğ etmək lazımdır. Bu həm turizmin, həm sahibkarlığın inkişafına töhfə verir. Bir dəfə gedib çəkib qayıtmaqla effekt alınmaz. Düzdür, problemləri də işıqlandırmaq vacibdir ki, həllini tapsınlar. Bununla yanaşı, gərək yerli potensialı da göstərəsən və Yurd.Media-nın əsas fəaliyyət istiqaməti bölgələrin sosial-iqtisadi imkanlarını göstərməkdən ibarətdir. Hər bölgənin öz spesifik xüsusiyyətləri var - ondan irəli gələrək həm investorlar üçün burda hansı şərait və imkanları, üstünlükləri göstərmək lazımdır.
- Video formatı necə inkişaf etdir etdirəcəksiniz?
- Misal üçün, 10 il əvvəl sizə desəydilər ki, “Kənddə nənə yemək bişirir, çəkək, paylaşaq” – bu fikir maraqlı olmazdı. İndi isə Azərbaycandan dünyaya daha çox çıxan kənd həyatı ilə bağlı, kənd yerində kimlərinsə yemək bilşirməsi kontentidir. Bölgələrimizdə öz müəyyən bacarıqlarını ifadə edən şəxslər çoxdur. Onların YouTube və ya TikTok səhifələrini peşəkar formada inkişaf etdirmək olar. Onlar həm xəbər mənbəyidir, həm də dünya üçün maraqlı kontentdir. Hesab edirəm ki, növbəti TV-ni yaradıb müəyyən çərçivələrə salmağa ehtiyac yoxdur. TV kanallarımız kifayət qədər çoxdur, reportajlarını gündəlik izləyirik. Bizim saytı nəzərə alsaq, biz onların videolarını istinad edib xəbər formatında çeviririk. Biz elə məqamları inkişaf etdirməliyik ki, buna bu gün ehtiyac var və hal-hazırda o qədər keyfiyyətli deyil.
- Yurd... ofis isə yalnız Bakıdadır...?
- Müvəqqəti... Yurd.Media-nın baş ofisi, mən belə düşünürəmki, bölgələrin birində olmalıdır. Təcrübə göstərir ki, jurnalistin yanında olmalısan. Təcrübə göstərir ki, bölgələrdən gəlib Bakıda təlim keçib qayıdan jurnalistlər sonradan qayıdırlar öz köhnə üslubunda fəaliyyətə. Çünki orada lazımı nəzarət olmur, gündəlik fəaliyyətinə tələbat olmur. Bakıdan da daim nəzarət etmək çətindir. Buna görə mən düşünürəm ki, Yurd.Media-nın baş ofisi ya Qarabağda ola bilər, çünki ora hazırda inkişaf edir, ya Qərb bölgəsində – məsələn, Gəncədə ola bilər.
- Maraqlıdır, müxbir şəbəkəsini necə quracaqsınız? Hər regionlar üzrə ayrıca ya necə?
- Məqsədimiz bütün ölkəni əhətə etməkdir. Verilişin əvvəlində bildirdim ki, Qarabağ azad olundu və artıq Qarabağın hər köşəsindən biz yazı hazırlaya bilirik. Həmçinin əvvəl Naxçıvanla bağlı da problem var idi. Orada müstəqil jurnalistikan fəaliyyəti üçün münbit şərait olmayıb. Bu gün artıq Naxçıvanda da bütün TV-lərin, bütün agentliklərin, aparıcı saytların nümayəndəri geniş formada işini görə bilirlər. Ümumiyyətlə, artıq Azərbaycanda regionların idarə olunması forması təkmilləşdirilib və bu da mətbuat üçünə yeni imkanlar yaradır. Əvvəl daha çətin olurdu hansısa icra hakimiyyətindən məlumat almaq, indi özləri zəng edib axtarırlar. Yurd.Media fəaliyyətini Azərbaycanın iqtisadi rayonları üzrə bölüb. Ola bilsin ki, növbəti mərhələdə hər iqtisadi rayon üzrə bir nümayəndəlik fəaliyyət göstərsin. İstənilən halda məqsəd ölkənin bütün ərazisini əhatə etməkdir.
- Bəs dövlət qurumları ilə əməkdaşlıq hansı formada olacaq? Yəni, xəbəri çstdırmaqda digər saytlar, portallar və TV-lərdən fərqiniz nə olacaq?
- Hazırda bir sıra dövlət qurumları ilə əməkdaçlıqla bağlı müzakirələr aparrırıq. Əsas məsələ hansısa tədbiri, iqtisadi-sosial hadisəni ani olaraq deyil, əvvəlcədən hazırlaşaq, həmin tədbirdən sonra nəticələrini araşdıraq.
- Birdə, reklam məsələsində sahibkarlar passiv yanaşırlar bəzən...
- - Burada medianın da üzərinə iş düşür - elə bir təqdimat eləsin ki, o həmin sahibkarə maraqlı olsun. Yəni, bəzən sahibkarlar media təmsilçiləri ilə uzun danışıb bir razılığa gələ bilmirlər, pul ayırmırlar, amma hansısa blogerlə, “tiktoker”lə razılaşırlar. Niyə görə? Çünki orada o effekti görür. Nəyə görə də, media həmin o influenserin gördüyü işi görməli deyil?
- Əvvəl hamı TV-yə baxırdı, qəzetləri, saytları, qəzetləri oxuyurdu. Hansısa bir yazı gedəndə hamı tirajırdı. İndi bu sahədə boşluq yaranıb sanki...
- Qəzetləri deyə bilmərəm, bəlkə də onlar Azərbaycan üçün bir az keçmişdə qalıb, amma TV-lər artıq görünür ki, formatı dəyişirlər - keçirlər YouTube üzərindən öz materiallarının yayımına və yaxud sosial şəbəkələrdən öz reportajlarını çatdırmağa çalışırlar. Bu gün hamı qısa roliklərə, “reels”lərə baxmağı üstün tutur. Sanki vaxtına qənaət edir. Bunun mənfi tərəfi də var, müsbət tərəfi də var. Müsbət tərəfi odur ki, artıq jurnalistin qarşısında bir vəzifə var ki, materialın məğzini konkret çatdırmalıdır. Əvvəl məqaləni başdan ayağa oxuyurdun, məğzi hardasa ortada olurdu. Amma indi sən o məğzi başa verməlisən ki, oxucu səni izləsiz.
- Bəs başlıqların seçilməsi? Bir ara bu məsələ çox bərbad vəziyyətdə idi, indi artıq media çalışır öz nüfuzunu qorusun.
- Bəli, artıq Azərbaycanın təkmil media qanunvericiliyi var, Medianın inkişafı ilə məşğul olan Agentlik mövcuddur.Artıq bir çox məsələlərə nəzarət olunur. Digər tərəfdən media təmsilçiləri də görürlər ki, aldadıcı başlıqla artıq iş getmir, nüfuzdan düşürlər.
- O nüfuzu qorumaq rəhbərdən asılıdır, yoxsa müxbirdən?
- Rəhbərdən. Yəni, rəhbər təməli necə qoyursa, o formada da iş gedir. Rəhbər şəxsin bir sıra məsələlərdə göstərdiyi prinsipiallıq digər əməkdaşlara da siraət edir. Hər medianın bir siması var, və rəhbər şəxs də həmin medianın simasıdır. Ona görə çalışmaq lazımdır öz simanı qoruyasın.
- Yurd.Media üçün qırmızı xətt nədir? Yəni, konkret olaraq, nələr olmaz?
- Oxucu cəlb etmək üçün xəbərlə manipulyasiyalar etmək, həqiqəti əks etdirməyən məsələni şişirtmək və yaxud da lazım olmayan, etik baxımdan uyğun olmayan bir hadisəni şişirtmək... Elə hadisələr var ki, çox oxucu yığır, dərhal istinadlar olur, media ilə bağlı ölçən aqreqatorlarda trenddə olursan. Amma hesab edirəm ki, o iş deyil. Yəni həmin işin cəmiyyətə bir töhfəsi yoxdur. Uzun müddət bölgə xəbərləri ilə bağlı araşdırmalar apardım və təəssüf ki, bölgədən olan xəbərlərin 92% bədbəxt hadisiələrlə bağlıdır. Bu gün, misal üçün 10 hadisə işıqlandırılırsa, onun içində bir reportaj itib batır. Amma, hesab edirəm ki, əgər sistematik olaraq hər bölgə ilə bağlı media planlaşdırmaları olsa, faydalı kontent hazırlanması axını təmin olunsa o hadisə ilə bağlı xəbərlər kölgədə qalacaq.