Paytaxtın Bakıxanov qəsəbəsi, Gənclik küçəsinin sakinləri ərazidə piyada zolağının olmamasından narahatdırlar.
Yurd.Media xəbər verir ki, hərəkətin kifayət qədər intensiv olmasına baxmayaraq, küçədə piyada zolağının olmaması sakinlər üçün təhlükə yaradır. Bir neçə günə yeni tədris ilinin başlayacağı nəzərə alınarsa, bu vəziyyət ərazidə hərəkət edən şagirdlər üçün də ciddi təhlükə doğuracaq.
Sakinlərin sözlərinə görə, ərazidən keçən avtomobillər yüksək sürətlə hərəkət edir və piyadalara yol vermirlər. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb. Bu səbəbdən sakinlər özləri ərazidə piyada keçidi yol nişanı quraşdırıblar ki, sürücülər yoldan keçən piyadanı görüb sürəti azaltsınlar.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “ATV Xəbər”ə bildirib ki, sakinlərin özbaşına yol nişanı quraşdırması inzibati xətadır və yolverilməzdir. Onun sözlərinə görə, əgər ərazidə təhlükə varsa və piyada keçidinə ehtiyac yaranıbsa, bu barədə sakinlər səlahiyyətli orqanlara müraciət etməlidirlər. Həmin qurumların aidiyyəti idarələri isə keçidi təşkil etməli və yol nişanlarını quraşdırmalıdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, aidiyyəti qurumlarla birlikdə əraziyə baxış keçiriləcək və piyada keçidinin təşkili məsələsinə yalnız aparılacaq təhlillərdən sonra baxıla bilər.