Dənizkənarı bulvar paytaxt Bakının vitrini sayılır. Amma təəssüf ki, bulvarın əksər yerlərində dənizin ətri əvəzinə üfunət qoxusu gəlir.
Yurd.Media xəbər verir ki, bulvar ərazisində sahil xəttini qamışlıq basıb, istirahət üçün gələnlər təbiət mənzərəsi yox, çirkabla qarşılaşırlar. Antisanitar vəziyyət yalnız ətrafa deyil, ölkənin imicinə də ciddi xələl gətirir.
Ərazidən keçən sakinlər isə antisanitar vəziyyətdən yaranan üfunət qoxusundan narazıdırlar və bununla bağlı tədbir görülməsini tələb edirlər.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən “ATV Xəbər”ə bildirilib ki, dəniz sularının təmizlənməsi Dənizkənarı Bulvar İdarəsinin fəaliyyət istiqamətinə aid deyil və texniki imkanları xaricindədir. Buna baxmayaraq, idarə bulvara üz tutan ziyarətçiləri narahat edən mövcud vəziyyətin qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə mümkün həll yollarını təhlil edərək müvafiq tədbirlərin görülməsini təmin edəcəyini bildirir.