Bakıda "Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru" layihəsi çərçivəsində "Bizim ailəmiz Türk dünyasıdır" adlı konfrans keçirilib.
Yurd.Media xəbər verir ki, konfransda çıxış edən deputat Elçin Mirzəbəyli bildirib ki, türk xalqlarının dil birliyinə nail olmaq lazımdır:
"Bunun üçün internet resurslarından istifadə etməliyik. Xüsusilə, bu gün sosial şəbəkələrin nə qədər böyük önəm kəsb etdiyinin əhəmiyyətinə varsaq, yaxın gələcək üçün türk dövlətlərinin ortaq sosial şəbəkə platformasının yaradılmasının vaciblihyi qənaətindəyəm".
MM üzvü hesab edir ki, türk xalqlarının ortaq dili formalaşmalıdır. O qeyd edib ki, ortaq dil vahid internet lüğəti şəklində yaradılmalıdır:
"Bu bizə bir-birimizi daha yaxından tanımağımıza imkan verəcək".
Tədbirdə çıxış edən deputat Vuqar İsgəndərov isə bildirib ki, regiondakı birlik və bərabərlik prosesləri həm də zamanın tələbidir.
Onun sözlərinə görə, bugünkü dünyanın gedişi onu göstərir ki, birlik formatında gələcəyə doğru getməliyik:
"Bu hər birimizdən, indiki nəsildən tələb olunan bir məsələdir".
Deputat vurğulayıb ki, onu narahat edən məsələ birlik ideyasını kortəbii yaşatmaq ehtimalıdır:
"Birlik yalnız sözdə yox, əməldə də özünü büruzə verməlidir. Tarixi faktlar var ki, bir çox xalqlar dostluğundan arxayın olub, yeni dostlar axtarıb. Bir də baxıblar ki, dostunu itiriblər".
Təhsil mövzusuna toxunan MM üzvü türk xalqları dövlətləri arasında tələbələrin inteqrasiyasının intensiv həyata keçirilməsini mühüm hesab edib.
Qeyd edək ki, konfrans 5 ay davam etmiş layihənin yekun iclasıdır.