Bakıda xeyir iş üçün kirayə götürülən xonçalar sahibkarla müştəri arasında ciddi qalmaqal yaradıb.
Yurd.Media xəbər verir ki, paytaxt sakini qardaşının toyu üçün kirayə xonça sifariş edib, lakin tədbirdən sonra əmlakın qaytarılması zamanı narazılıq baş verib.
Sahibkar Briliant Zeynalova "APA TV"yə bildirib ki, müştəri xonçaları gecikmə ilə və zədələnmiş vəziyyətdə geri qaytarıb.
Onun sözlərinə görə, nə kirayə haqqı, nə də daşınma xərci ödənilib:
“Qapını açanda xonçalar həyətdə, qumun üstündə, ağacın altında idi. Bəziləri cızılmış, bəziləri sınmışdı. Mən video çəkəndə dedilər ki, şükür edin, xonçaları yandırmadıq”.
Müştəri isə mağazanı sınıq xonça verməkdə ittiham edir:
“Mənə 17 yox, 15 xonça verdilər. Üstəlik, sınıq idi. 215 manat ödəmişəm, amma evdə oturub onları özüm bərpa etmişəm”.
Hüquqşünas Şamil Paşayev isə bildirir ki, bu cür hallarda məsuliyyət ziyanın məbləğindən asılıdır:
“Əgər vurulan zərər 5 min manatdan çoxdursa, məsələ Cinayət Məcəlləsinin 186 və 187-ci maddələri ilə araşdırıla bilər. Daha az məbləğdə ziyan olduqda isə inzibati məsuliyyət yaranır”.