Bakının Məhəmməd Hadi və Lütfizadə küçələrində, eləcə də Neapol dairəsi ərazisində və İnşaatçılar metrostansiyası istiqamətində yerləşən səkilər iaşə obyektləri tərəfindən zəbt edilib.
Yurd.Media xəbər verir ki, bu hal piyadaların hərəkətini məhdudlaşdırmaqla yanaşı, onların avtomobil yoluna çıxmasına və həyatları üçün təhlükə yaranmasına səbəb olur.
Qanunvericiliyə əsasən, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil saxlanılmasına görə sürücülər 60 manat məbləğində cərimə olunur. Səki üzərində yerləşdirilən və hərəkətə mane olan obyektlər isə sökülməlidir.
Nəqliyyat eksperti Samuran Səmədbəyli “ATV Xəbər”ə müsahibəsində bildirib ki, bu cür hallar təkcə piyadaların hərəkətinə mane olmur, eyni zamanda onların yolun hərəkət hissəsinə çıxmasına səbəb olaraq sürücülər üçün də risk yaradır.
Onun sözlərinə görə, ümumi istifadədə olan küçə və yol şəbəkələrində, o cümlədən səkilərdə piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə mane olacaq əşyaların, reklamların və ya ictimai-iaşə obyektlərinin quraşdırılması qanunla qəti qadağandır. Bu cür pozuntulara görə İnzibati Xətalar Məcəlləsində müvafiq cərimə tədbirləri nəzərdə tutulub.