Bakıda 75 ailənin yaşadığı binanın zirzəmisinin qanunsuz olaraq zəbt olunduğu iddia edilir.
Yurd.Media xəbər verir ki, paytaxtın Murtuza Nağıyev küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan sakinlər deyir ki, 2 ildir ki, binanın zirzəmisi tanımadıqları şəxslər tərəfindən özəlləşdirilib.
Sakinlər illərdir yaşadıqları binada indi maşınlarını saxlamağa yer tapmadıqlarını deyirlər.
"Xəzər Xəzər"in məlumatına görə, sözügedən bina "Atlant-İnşaat" MMC-nin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən MMC-yə müvafiq qaydada istismara icazə sənədi verilib. Bu sənədləşmənin əsasında 2016-cı il tarixində binanın bütün yaşayış, qeyri-yaşayış və qaraj sahələrinə "Atlant-İnşaat" MMC tərəfindən mülkiyyət əsaslı çıxarış alınıb. Daha sonra binanın bütün yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən qarajlar notarial qaydada müxtəlif fiziki şəxslərə satılıb. O da bildirildi ki, hal-hazırda "Atlant-İnşaat" MMC-nin sözügedən binada hər hansı mülkiyyət hüququ yoxdur. 2023-cü ildən binanın idarə edilməsi bina sakinləri tərəfindən həyata keçirilməkdədir.