Bakıda 14 yaşlı yeniyetmə qız uşağı doğub, həm ana, həm övladın vəziyyəti kafidir.
TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.
Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.
Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, 14 yaşlı yeniyetmənin uşaq dünyaya gətirməsi faktı ciddi narahatlıq doğuran və dərhal müdaxilə tələb edən məsələdir.
Dövlət Komitəsi belə hallarla bağlı fəaliyyətini həm hüquqi, həm də sosial müdaxilə mexanizmləri əsasında həyata keçirir. Faktla bağlı artıq Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.
Qeyd olunub ki, fakt barədə məlumat daxil olan kimi Komitə əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə araşdırmaya başlayıb. Yeniyetmənin təhlükəsizliyi, vəziyyəti və hüquqlarının qorunması yönündə təcili tədbirlər görülür.
"Komitə üçün əsas prioritet yeniyetmənin hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və pozuntuya yol verən şəxslərin qanunvericilik qarşısında cavab verməsidir. Bu iş üzrə araşdırma tamamlananadək proses diqqətdə saxlanılacaq", - açıqlamada bildirilir