Azərbaycanın bir sıra bölgələrində, eləcə də Bakıətrafı kəndlərdə vəhşi heyvanlar — əsasən tülkü və çaqqalların həyət evlərinə yaxınlaşması ciddi problemə çevrilib. Yerli sakinlərin sözlərinə görə, bu xırda yırtıcılar əsasən toyuq, cücə və digər ev quşlarına hücum edir, onları apararaq maddi zərər yetirirlər.
Rayon yerlərində vətəndaşlar adətən həyətlərində it saxlamaq, tövlələri möhkəmləndirmək kimi üsullardan istifadə etsələr də, Bakı kəndlərində adətən tələ qurulması və ya zəhərdən istifadə hallarına rast gəlinir. Mütəxəssislər bu cür yanaşmanı qəddar və yolverilməz hesab edirlər.

“Onlar da canlıdır və yaşamaq hüququ var”
Mövzu ilə bağlı Yurd.Media-ya danışan Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri, zooloq Əbülfəz Tağıyev bildirib ki, tülkü və çaqqalların sayı regiondan asılı olaraq dəyişir:
“Bu heyvanlar əsasən ev quşlarına ziyan vurur. Lakin unutmaq olmaz ki, onlar da canlıdır və yaşamaq hüququna malikdirlər. İnsanlar onların təbii yaşayış areallarını zəbt edərək evlər və təsərrüfatlar salıblar”.
Zooloqun sözlərinə görə, tülkü və çaqqallar son dərəcə güclü qoxu hissinə malikdirlər və əsas problem onların cəlb olunduğu qida mənbələridir:
“Ölmüş heyvan leşlərinin, qida tullantılarının açıq ərazidə saxlanılması yolverilməzdir. Bu, yırtıcıları birbaşa yaşayış sahələrinə cəlb edir. Sanitariya qaydalarına əməl etmək əsas şərtdir”.

Qoruyucu tədbirlər nələrdir?
Əbülfəz Tağıyev ev quşlarının qorunması üçün bir sıra təhlükəsiz və effektiv üsullar tövsiyə edir. İlk növbədə o məsləhət görür ki, toyuq hini və tövlələr tam qapalı olmalıdır. Eyni zamanda bildirir ki, açıq sahələr xırda gözlü barmaqlıq və möhkəm hasarla əhatə edilməlidir. Ə. Tağıyev deyir ki, gecə saatlarında ərazi yaxşı işıqlandırılmalıdır, çünki yırtıcılar işıq və səsdən çəkinir:
“Həyətdə it saxlanılması tülkü və çaqqalların yaxınlaşma riskini azaldır. Bağ və həyətyanı sahələr sıx kolluqdan təmizlənməlidir, çünki bu yerlər yuva qazmaq üçün əlverişlidir. Tövlələrin alt hissəsi və ətrafı betonlaşdırılmalıdır ki, yırtıcıların qazaraq daxil olmasının qarşısı alınsın”.
Zooloq qeyd edir ki, bu heyvanlar bəzən gündüz saatlarında belə tövlələrin dam hissəsində gizlənə, gecə isə ov üçün hərəkətə keçə bilirlər.
Mütəxəssis xüsusilə vurğulayır ki, tülkü və çaqqallar təbiətdə sanitar funksiyanı yerinə yetirir:
“Onlar xırda gəmiricilərin, siçanların və bəzi zərərverici növlərin sayını tənzimləyir. Bu balans pozularsa, ekosistemə daha ciddi ziyan dəyə bilər”.

Rəsmi mövqe: vətəndaş nə etməlidir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Bakı və ətraf ərazilərdə vətəndaşlar bu kimi hallarla üzləşdikdə 168 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Nazirliyin açıqlamasında qeyd olunur ki, əgər vəhşi heyvan insanlara və ya mal-qaraya birbaşa hücum edirsə, vətəndaş özünü və təsərrüfatını qorumaq hüququna malikdir:
"Özünümüdafiə məqsədilə görülən tədbirlər məsuliyyət yaratmır. Lakin heyvanın təqib edilərək ovlanması qanunvericiliklə məsuliyyət yaradır.
Rəsmi müraciətlər daxil olduqda, Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin mütəxəssisləri və ovçulardan ibarət işçi qruplar əraziyə cəlb olunur, yırtıcıların uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq edilir və vəziyyət nəzarətdə saxlanılır".