“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-nin İnfrastruktur Departamentinin direktoru vəzifəsindən ayrılan Sabir Rzayev xaricə köçüb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, Səudiyyə Ərəbistanının Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən "DataVolt" şirkətində fəaliyyətə başlayıb.
Məlumata görə, S.Rzayev qlobal şirkətdə İcraçı Menecer – Obyekt üzrə Əməliyyat Meneceri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin may ayının əvvəllərində Daşkənddə məlumat mərkəzinin tikintisinə başlanılıb. Layihə Səudiyyə Ərəbistanının "DataVolt" şirkəti tərəfindən həyata keçirilir. Şirkət 2030-cu ilə qədər bu məlumat mərkəzinə təxminən 150 milyon dollar, həmçinin Özbəkistandakı digər layihələrinə 5 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır.
Son məlumatlara əsasən, Özbəkistanda məlumat mərkəzlərinin tikintisi layihələri üzrə investisiya öhdəliklərinin həcmi 6 milyard dolları ötüb.
Bu layihələrdən biri Səudiyyə Ərəbistanının "DataVolt" şirkəti tərəfindən Daşkənddə inşa edilən və gələcəkdə gücü 300 meqavata qədər artırıla biləcək 12 meqavatlıq məlumat mərkəzidir.
Xatırladaq ki, S.Rzayev 12 ildir “AzInTelecom”da çalışırdı və o, öz istəyi ilə vəzifəsindən ayrılıb.
Sabir Rzayev