İsmayıllı rayonunda vətəndaş “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, rayon sakini Aynur Əlisa oğlu İsayev İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək 2021, 2023 və 2024-cü illər üzrə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq abonent koduna vurulmuş müvafiq olaraq 216 manat, 5991 manat və 2471 manat borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması, cərimə məbləğlərinin qanuna uyğun şəkildə hesablanaraq azaldılması barədə qətnamə çıxarılmasını xahiş edib.
İddiaçı tələbini onunla əsaslandırıb ki, 2021-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri H.B.Zərdabi küçəsində yaşadığı evin qaz xəttinə qoşulmuş və istismarda olan sayğaca baxış keçirilib.
İsayevin bildirdiyinə görə, həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilərək, sayğac açılaraq götürülüb və əvəzində isə başqa sayğac quraşdırılıb.
“Cavabdeh tərəfindən tərtib olunmuş 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilib ki, sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilib və sayğacın hesablama mexanizminin plastmas qapağının sağ yan hissəsinin deşici alətlə deşildiyi aşkar olunub. 2021-ci il tarixdə tərtib olunmuş akta uyğun həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub metr itirilmiş təbii qaz abonent koduna işlənib və həmin miqdarda təbii qazın dəyəri olan 216 manat debitor borcun ödənilməsi, dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi məndən tələb edilib – deyə şikayətçi qeyd edib.
Bundan başqa, şikayətçi digər tərtib olunan aktların da əsassız olmasını əsaslandırıb: “Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş 2023-cü il tarixli və 2024-cü il tarixli aktları qanunsuz, əsassız hesab edirəm. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin hər iki akt tərtib edilərkən bunlara riayət edilməyib və aktlar tərtib edilərkən ailə üzvlərimdən heç kəs orada olmayıb. Bu halda aktların doğru olmasına əsaslı şübhələr yaranır. İsmayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi kənar xətt qoşulmasını aşkar etməyib. Cavabdeh tərəfindən guya aşkar edilmiş həmin xəttlərə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır, həddən artıq şişirdilmişdir. Aşkarlanan qaz xətlərindən hər iki halda 5-10 gün ərzində istifadə etmişəm”.
Şikayətçinin qeydlərinə görə, dəymiş ziyanın bərpasına dair tələbnamələrdə qeyd olunan məbləğlər ağlabatan rəqəm deyil:
“Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesblanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə hesablanmış cərimələr azaldılmalıdır”.
Məhkəmə iddia tələbini təmin edib.
Beləliklə, “Azəriqaz” tərəfindən tərtib edilmiş 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İsayev Aynur Əlisa oğlunun abonent koduna vurulmuş 2160 kubmetr təbii qazın dəyəri 216 manat borc məbləği silinib. İsayev dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunub.
Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İsayev Aynur Əlisa oğlunun abonent koduna vurulmuş 49932 kubmetr təbii qazın dəyəri 5991,84 manat cərimə məbləği azaldılıb və 492 manat 48 qəpik müəyyən edilib.
Bundan əlavə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İsayev Aynur Əlisa oğlunun abonent koduna vurulmuş 20592 kubmetr təbii qazın dəyəri 2471,04 manat cərimə məbləği azaldılaraq 259 manat 20 qəpik müəyyən olunub.
“Azəriqaz” İstehsalat Birliyindən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi barədə də qətnamə çıxarılıb.