Bu ilin sentyabr ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının 1,4 milyard ABŞ dolları azalaraq 90,8 milyard dollardan 89,4 milyard dollara düşməsi Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin azalması fonunda baş verib.
Bunu Yurd.Media-ya açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“ARDNF-in aktivləri avqustun sonuna təxminən 75,5 milyard dollar, sentyabrın sonuna isə təxminən 74 milyard dollar təşkil edib. Azalma əsasən aktivlərin tərkibində xüsusi çəkiyə (30-35%) malik olan qızılın ucuzlaşması ilə bağlı ola bilər. Ötən ay əmtəə birjalarında qiymətli metalın bir unsiyası 6% dəyər itirərək təxminən 4 200 dollara düşüb. Bu da Fondun aktivlərinə təsirsiz ötüşməyib və paralel olaraq ölkənin valyuta ehtiyatlarını azaldıb”, - deyə o qeyd edib.