Son illər aparılan tədqiqatların nəticələri göstərir ki, Azərbaycanda yeraltı suların həcmi 20 faiz azalıb.
Yurd.Media xəbər verir ki, bu məsələ istifadə olunan suyun daha səmərəli istifadəsini gündəmə gətirir. Artıq yeraltı suların həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub.
Uzun illər Azərbaycanın yeraltı su ehtiyatları 10 milyard kub kilometr hesablanıb. Bu ehtiyatların böyük hissəsi Böyük Qafqaz sıra dağlarında formalaşan sulardır.
Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev “ATV Xəbər”ə bildirib ki, Samur-Dəvəçi ovalığından başlayaraq Qusar maili düzənliyinə qədər 30 milyard ton su ehtiyacımız mövcuddur. Çox təəssüf ki, yeganə ölkəyik ki, günü-gündən azalan və baha başa gələn içməli sulardan suvarma üçün istifadə edirik. Halbuki suvarma üçün texniki sulardan istifadə olunmalıdır və təəssüf ki, bu istifadəyə heç bir limit qoyulmur.
Mütəxəssis onu da qeyd edib ki, yeraltı suların əsas mənbələrindən biri qar suları hesab olunur. Amma son dövrlərdə dağlardakı qar 100–200 metr hündürlüyə qədər çəkilib. Bu da yeraltı suların qidalanmasını azaldır. Odur ki, sudan istifadə zamanı daha diqqətli olmaq lazımdır.
Ənvər Əliyevin sözlərinə görə, Kür və Araz çaylarında 36 milyard kubmetr su ehtiyatı mövcuddur və həmin suların texniki su kimi suvarmada istifadəsi məqsədəuyğundur.
Artıq Azərbaycanda yeraltı suların həcminin müəyyənləşdirilməsi üçün xaricdən mütəxəssislər cəlb olunub. Bu sahədə dəqiqləşmə işləri aparıldıqdan sonra yeraltı suların bərpası üçün tədbirlər planı hazırlanacaq. Bu addımın əsas səbəbi bütün dünyada müşahidə olunan iqlim dəyişmələri, bulaqların və buzlaqların həcminin azalmasıdır.