SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda ilk qiyabi icraat üzrə MƏHKƏMƏ

Azərbaycanda ilk qiyabi icraat üzrə MƏHKƏMƏ

  • 16 may 2025, 09:21

Azərbaycanda İran İslam Respublikasının vətəndaşının barəsində olan cinayət işi üzrə qiyabi məhkəmə başlayıb.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Younes Azərbaycan Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi) maddəsi ilə ittiham elan edilib.

Younesin barəsində Dövlət Gömrük Komitəsinin istintaq idarəsi tərəfindən 30 avqust 2001-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilib. Həmin ilin sentyabrın 26-da iş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

2001-ci ilin oktyabrın 1-də təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən həmin məhkəmə iclasına gəlməyib.

Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2001-ci il tarixli qərarı ilə Younesin barəsində axtarış elan edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Cinayət işi üzrə icraat həmin şəxs tapılanadək dayandırılıb və qərarın icrası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinə tapşırılıb.

Biləsuvar Rayon Polis Şöbəsinin 1 aprel 2002-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı Younesin yaxalanması məqsədi ilə həmin ilin yanvarın 16-da dövlətlərarası axtarış işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılmağa başlanılıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, İran İslam Respublikası vətəndaşı barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildikdən sonra həmin şəxs dövlət sərhədini qaçaq yolla keçərək, İrana gedib. Hazırda həmin ölkədə pasport qeydiyyatında olmaqla, Ərdəbil-Aslangöz-İmam Xomeyni küçəsində yaşayır.

Həyata keçirilmiş tədbirlər nəticəsində Younesin qaçaq yollarla İran İslam Respublikasına getdiyi müəyyən edilib. Həmin şəxsin İran İslam Respublikasında yaşadığı ünvanı, pasport qeydiyyatında olduğu yeri və gizləndiyi ünvanı müəyyən etmək məqsədi ilə İnterpolun Azərbaycanda olan Milli Mərkəzi Bürosunun rəisinə müraciət edilib, dövlətlərarası müqaviləyə əsasən Younesin yaxalanması üçün İranın müvafiq orqanına məlumat veriləcəyi barədə cavab alınıb.

Lakin İran qanunlarına görə, həmin ölkənin vətəndaşı başqa ölkəyə təhvil verilməsi mümkün olmayıb.

Buna görə də Cinayət-Prosessual Məcəlləsinin 467-12.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə qiyabi icraat həmin fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır.

Həmin məcəllənin 467-13.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda, onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.

Younesin Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnib.

Onun Azərbaycan Respublikasının ərazisindən kənarda məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadığına görə, İran İslam Respublikası vətəndaşının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə qiyabi icraat açılıb.

Məhkəmə hazırlıq iclası bu ilin mayın 22-nə təyin olunub.

Prosesdə Biləsuvar Rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, bu ilin əvvəlindən başlanaraq Baş Prokurorluq Azərbaycan hüdudlarından kənarda gizlənən cinayət törətmiş şəxslərin istintaq orqanına gəlmələri, əks halda isə barələrində qiyabi icraatın başlanacağı barədə xəbərdarlıq edilib.

Azərbaycanın Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Daha sonra isə bloger Orxan Ağayev, bloger İmaməddin Əlimanov, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad İslam oğlu Abdulayev və bloger Orduxan Bəbirov istintaq orqanına dəvət olunublar